1 Mart 2016 15:25
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevlə görüş keçirilib.

Görüşdə akademikin müəllifi olduğu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.

BANM-ın rektoru Elmar Qasımov 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyətli hadisə olduğunu, bunun yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bunun dünya ictimaiyyətinə, dünyaya bir çağırış olduğunu deyən Elmar Qasımov ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini vurğulayıb.

Kamal Abdullayev multikulturalizmin tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən danışaraq Azərbaycan multikulturalizminin inkişaf perspektivlərindən söz açıb. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün demokratik dəyərə çevrildiyinin göstəricisi olduğunu vurğulayıb.

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında söz açan akademik Kamal Abdullayev bu kitabda klassik şair və yazıçılarımızın yaradıcılığının fərqli bir rakursda təqdim olunduğunu dedi. O bildirdi ki, ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biridir. Akademik Kamal Abdullayev bu nöqteyi-nəzərdən, təqdim olunan nəşrin müasir dövrdə öz aktuallığı ilə seçildiyini qeyd edib. O bildirib ki, ərsəyə gətirilən bu kitab multikultural ənənələrin öyrənilmə cəhdidir. Akademik Kamal Abdullayev kitabda orta əsrlərdən müasir dövrümüzə qədər olan ədəbi-bədii nümunələrdə multikultural dəyərlərin ifadəsinin təzahür formasının izah olunduğunu bildirdi. O, Azərbaycan klassiklərinin əsərlərindəki multikulturalizm elementlərini izah edərək sözügedən nəşrdə bununla bağlı misallar göstərildiyini deyib.


Sonra akademik Kamal Abdullayev görüş iştirakçılarının, o cümlədən tələbələrin çoxsaylı suallarını cavablandırdı və müəllifi olduğu, o cümlədən redaktorluğu ilə çıxan müxtəlif kitabları Ali Məktəbin kitabxanasına və tələbələrə hədiyyə edib. Rektor Elmar Qasımov akademik Kamal Abdullayevə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər