Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda (ARTPİ) “Davranış pozuntuları: hiperaktivlik və diqqətsizlik sindromu” mövzusunda seminar keçirilib.
İnstitut rəhbərliyinin, əməkdaşların və ölkəmizdə fəaliyyət göstərən müxtəlif psixologiya mərkəzləri rəhbərlərinin, onları təmsil edən nümayəndələrin və bu sahənin mütəxəssislərinin iştirak etdiyi seminarı ARTPİ-nin direktoru Qulu Novruzov giriş sözü ilə açıb, o, bu sahədə mövcud problemləri və onların həllinin vacibliyini vurğulayıb.
Qulu Novruzov cəmiyyətin əsas diqqət mərkəzində dayanan xoşagəlməz psixoloji hallar, davranış pozulmaları, habelə, hiperaktivlik və diqqətsizlik sindromu haqda seminar iştirakçılarına məlumat verib.
Sonra seminarın məruzəçisi ARTPİ-nin türkiyəli doktorantı, Beynəlxalq Xüsusi Təhsil, Reablitasiya və Ailə terapiyası Dərnəyinin rəhbəri, "Könül" Xüsusi Təhsil və Reablitasiya Mərkəzinin təsisçisi, Turqut Özal Universitetinin əngəllilər psixologiyası üzrə müəllimi Səid Dəmirələ çıxış edib.
Sosial psixiatriya mütəxəssisi Səid Dəmirəl məruzəsində elektron təqdimatlar və multimedia resurslarından istifadə etməklə seminar iştirakçılarına maraqlı və müfəssəl məlumatlar verib. O, davranış pozulmaları: hiperaktivlik və diqqətsizlik sindromunun yaranması, fəsadları, terapiyası haqda məruzəsini bitirdikdən sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Qulu Novruzov ARTPİ-nin İnkluziv təhsil şöbəsinin təşkilatçılığı ilə təşkil olunmuş seminarı yekunlaşıraraq, bu kimi öyrədici seminarların gələcəkdə də təşkil ediləcəyini iştirakçıların diqqətinə çatdırıb.
SEVİL