2 Mart 2016 12:21
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ilk dəfə toy sərgisi keçirildi. Kempinski oteldə baş tutan tədbirin açılışında təşkiltaçılardan biri modelyer Fəxriyyə Xələfova son illər Azərbaycanda toy industriyasında yenilik və zənginliklərə geniş yer verildiyini dedi.

O, məhz bu səbəbdən ölkənin öndə gedən toy təşkilatçılarının istəyi və marağı ilə sərgi keçirildiyini vurğuladı: “Bu, Bakıda keçirilən ilk toy sərgisidir. Güman edirəm ki, sərgi bundan sonra keçirəcəyiniz toy mərasimlərini gözəlləşdirmək üçün böyük fürsət olacaq. Bildiyiniz kimi son illər ölkəmizdə toy industriyasının inkişafına çalışan xeyli maraqlı insanlar, şirkətlər var. Bu cür tədbirlər həmin insanların fantaziyasının inkişafı üçün geniş imkanlar yaradacaq, stimul verəcək. Nəticədə toy mərasimlərimiz daha maraqlı və yaddaqalan olacaq”.

Tədbirin daha bir təşkilatçısı Nazilə Səfərli sərgi çərçivəsində canlı xına şousu nümayiş etdirdi. O, xınayaxdı mərasiminin qədim köklərə malik olduğunu, toyaqədərki müddətdə baş tutan bu törənə türk dünyasında böyük önəm verildiyini söylədi: “Çox istərdim ki, gənc qızlarımıza, oğlanlarımıza həvəs gəlsin, hamısı ailə qursun. Ömrümüzün ən gözəl gününü yaddaqalan etmək üçün belə mərasimlərin əvəzi yoxdur. Mərasimləri maraqlı edən onun rəngarəngliyi, fərqli olmasıdır. Bizə müraciət edən bütün cütlüklər fərqliyiyi görəcək. Çalışırıq hər cütlüyün özünə uyğun, ekskluziv məclis təşkil edək”.

Sərgidə çoxunun marağına səbəb olan gəlinliklərin nümayişi idi. Əsasən cütlüklər, eləcə də gənc xanımlar bir-birindən fərqli gəlinliklərlə maraqlanır, qiymətini soruşurdular. Sərgidə nümayiş etdirilən gəlinlikdən geyinmək istəyən isə ən azı beş yüz manatından keçməlidir. Gəlinliklərin qiyməti materialından, tikilişindən və istifadə olunan bəzəklərindən asılı olaraq dəyişir.

Ən bahalı geyim İtaliya, Fransa istehsalı olan güpürlərdən hazırlanmış gəlinliklər sayılırdı ki, bunların da qiyməti 3-5 min manat arası dəyişirdi.

Modelyer Fəxriyyə Xələfovanın kolleksiyasından olan gəlinliklər isə xüsusilə xanımların diqqətində idi, qiymətlər açıqlanmasa da, hazırda gəlinliklərə 30 faiz endirim olunduğu bildirildi. Bundan başqa, aksessuarların da 30 faiz endirimlə satışı keçirilirdi.

Sərgi iştirakçılarına götürdükləri kuponla “Sabina” mağazalar şəbəkəsindən güzəştli qiymətlə Fəxriyyə Xələfovanın “Nuray” ətriyyat kolleksiyasından bir ətir əldə edə bilməsi üçün də imkan yaradılmışdı.

Bəy-gəlin masaları, xına mərasimləri üçün hazırlanmış xüsusi otaqlar, ekskluziv şirniyyatlar toy məclislərinin ayrılmaz hissəsi kimi xüsusi tədqimat olunurdu.

Ölkənin aparıcı toy təşkilatları ən yaxşı məshullarını nümayiş etdriridilər. “Marry Me” şirkətinin nümayəndəsi Pərviz Əsgərov bildirdi ki, son illər istər toy, istərsə də digər məclislər üçün sifariş edənlərin sayı çoxalıb. Sifarişlərə gəlincə, onların şirniyyat, aksessuar, gül, hədiyyəlik əşyalardan ibarət olduğunu dedi: “Hər məhsulun öz qiyməti var. Üstəgəl o məhsulların dizaynının, istifadə olunan materialın da dəyəri müştəriyə əvvəlcədən deyilir. Dekorasiyalar istəyə uyğun edilir. Rəng seçimi, üslub müştəırinin ixtiyarında olsa da, məsləhət də veririk. Qiymətlər yüz manatdan başlayır”.

Pərviz Əsgərov bildirdi ki, xarici ölkələrdə Azərbaycanın toy industriyasına maraq böyükdür. O, məhsullarının çoxunun müştərisinin məhz xarici ölkələrdən olduğunu vurğuladı.

Qəribə də olsa, sərgidə əksər təşkilatçılardan oxşar fikirləri eşitdik. Son illər nəinki qonşu dövlətlərdə, hətta bəzi Avropa ölkələrində də Azərbaycandakı toy təşkilinə böyük maraq olduğunu dedilər.

Toyların vazkeçilməz şirniyyatı sayılan tortların görünüşü də fərqliydi. Toy üçün hazırlanmış qeyri-ənənəvi formalı şəkərburalar, paxlava və konfetlərin də elə ucuz başa gəlmədiyini öyrəndik. Bildirildi ki, toy üçün xüsusi olaraq hazırlanan üzəri muncuqlarla bəzədilmiş şəkərbura və paxlavanın bir ədədi 2 manatdan, tortlar isə 150 manatdan başlayır.

2009-cu ildən Bakıda fəaliyyət göstərən “Purple Cake Boutique” şirkətinin nümayəndəsi bildirdi ki, onlarda uşağın dünyaya gəlişindən ta evlənənədək olan bütün xoş günlər üçün şirniyyatlar hazırlanır: “Toy və nişan tortları, ekskluziv şirniyyatlar, yeni doğulan, yeni diş çıxaran uşaqlar üçün mərasimə uyğun dizaynda tortlar hazırlayırıq. Bütün sifarişlər ən azı 3 gün öncədən alınır”.

Tədbirdə ölkənin toy təşkili ilə məşğul olan məşhur şirkətlərindən olan - “Marry Me”, “Purple Cake Boutique”, “Chocoban”, “5+VİP Design Group”, “Ballı Bisi” və digərlərinin məhsullarını görmək olardı. Maraq nəzərə alınaraq növbəti dəfə belə tədbirlərin keçiriləcəyi bildirildi.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər