5 Mart 2016 11:51
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fiziki əngəllər insanı məqsədlərinə gedən yoldan döndərə bilməz. Bu sözləri bizimlə söhbəti zamanı fiziki məhdudiyyəti olan Mətanət Quliyeva deyir.

Oxumaq, təhsil almaq

Həmsöhbətim 1997-ci ildə Şəmkir rayonunda anadan olub. Altıncı sinfə qədər məktəbə gedib. Daha sonra səhhətindəki problemlərlə əlaqədar orta təhsilini evdə davam etdirib: "İki yaşımda onurğamda skolioz xəstəliyi yaranıb və əlamətləri getdikcə böyüyüb. Artıq 6-ci sinifdə oxuyanda arabaya möhtac qaldım. Amma mənim oxumaq, təhsil almaq, arzularımı, xəyallarımı reallaşdırmaq istəyim həmişə güclü olub. Vaxt ötdükcə dərk etdim ki, heç bir fiziki ağrı, cismani əngəl insanı məqsədlərinə gedən yoldan döndərə bilməz.

Məqsədindən əl çəkmək, mübarizəni yarımçıq qoymaq acizliyin, özünə inamsızlığın sübutudur. Nə qədər acılar, ağrılar çəksəm də düşündüm ki, fiziki məhdudiyyət mənə mane ola bilməz. Var gücümlə çalışmağa başladım.".

"Sevincimi izah etmək çox çətindir"

2014-cü ildə fiziki məhdudiyyətli bir dostunun məsləhəti ilə Slavyan Universitetində açılan Yaradıcılıq fakültəsinə imtahan vermək qərarına gələn Mətanət Quliyeva bunun üçün sənədlərini universitetə təqdim edib: "Dostum dedi ki, universitetdə imtahan keçiriləcək və yaradıcılığı olan insanları seçəcəklər. İstəsən sən də qoşula bilərsən. 100 nəfərdən 35 nəfər seçiləcək. Mən də maraqlandım, sənədlərimi verdim. Universitetə imtahanlara getdim. Nəticələr açıqlananda Bakıda xəstəxanaların birində müalicə alırdım. Tez-tez internetə baxırdım ki, seçilənlər arasında mənim də adım olacaq, yoxsa yox. Axşam vaxtı idi. Dəhlizdə oturmuşdum. Yenidən internetə daxil oldum və Slavyan Universitetinin qruplarında adımı və şəklimi gördüm. Həmin vaxt keçirdiyim sevincimi izah etmək çox çətindir.

Otağa daxil olub xəbəri anama dedim, sevincdən ağladım. Otaqdakı tibb bacısı və xəstələr də sevindilər. Sonra atama zəng vurub xəbəri çatdırdım, xəstəxanadan çıxandan sonra universitetə gəldim. Cəmiyyətlə daha sıx münasibətdə olacağımı hiss etdim. Ətrafımdakı insanlar çoxalacaqdı.

Universitet mənim üçün tamam fərqli mühit idi. Ruhuna yaxın, müxtəlif düşüncəli insanlarla birlikdə olmaq mənim üçün gözlənilməz və xoş idi. Universitetə getməzdən əvvəl Yaradıcılıq fakültəsinə qəbul olanlara "facebook"da dostluq yolladım. Mənim ümumiyyətlə yaradıcılıqla məşğul olan insanlara xüsusi sevgim var".

Mətanət Quliyeva hazırda Şəmkir şəhərində Heydər Əliyev Mərkəzində elmi-kütləvi kitabxanasının nəzdində fəaliyyət göstərən Yaradıcı yazarlar klubunda işləyir.

Xəyallar nə qədər əlçatmaz görünsə...

Həmsöhbətim 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində də təhsil alıb. Onun sözlərinə görə, həyata daha sıx bağlanmasında peşə məktəbinin rolu böyük olub: "Mərkəzdə günlərimiz xoş keçirdi. Ən əsası insanlarla bir yerdə olursan, rəsm çəkirsən və həyatda sənin də yerin olduğunu anlayırsan. Müəllimlərimiz deyirdi ki, sona qədər mücadilə aparmaq mənən güclülərin yolu, seçimidir. İnsanın xəyalları nə qədər böyük və əlçatmaz görünsə də, potensialım ondan daha güclüdür.

Mənim qəbul etdiyim bir həqiqət var. Əgər Tanrı səni çətin yollardan keçirirsə, bil ki, xoşbəxtliyə aparır. Çünki çətinliklərdən keçərək qazanılmış nailiyyət, uğur və səadətin qəlbimizə verdiyi hüzur əvəzolunmaz varidatdır.

Həyatımda 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin böyük rolu var. Taleyin mənə yaşatdığı fiziki əngəli içimdəki sonsuz inamla yenərək addımlamağımda valideynlərimin və müəllimlərimin də dəstəyi oldu".

"İstədiyimiz yerə gedə bilək"

Mətanət Quliyeva deyir ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində toxuculuqla bərabər rəsm çəkməyi də öyrənib: "Rəssamlığa 5-ci sinifdən həvəsim var. Amma nədənsə kursa gedib öyrənmək qismətim olmadı. Rəsmlər məni başqa bir aləmə aparır. Hətta bir əsərə saatlarla baxa bilərəm. Ora baxarkən həyatımın bütün dönəmini xatırlayıram. Baxdığım hər nöqtədə böyük dünya görürəm. Heç nə mənim üçün əbəs yerə deyil. Ümumilikdə incəsənət mənim daxili aləmimdir".

Həmsöhbətim deyir ki, lazımsız əşyalardan nəsə düzəltdikdən sonra ona tamaşa etmək gözəl hissdir: "Hələ toxuculuqla məşğul olan zaman sanki hər ilməylə həyatda daha bir addım yuxarı qalxıram. Hər sütunu bitirdikdə "Yenidən başla" deyə daxilimdə bir səs yaranır".

Mətanət Quliyeva deyir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətə adaptasiya olmalıdırlar: "Allah bizi belə yaradıbsa, bədbinliyə qapılmamalıyıq, əksinə, həyatda uğur qazanmaq üçün çalışmalıyıq.

Arzulayıram ki, yol, market, park, məktəb ,restoran, kitabxana və digər yerlərdə pandus problemi həll olunsun. Kiminsə köməyi olmadan istədiyimiz yerə gedə bilək".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər