9 Mart 2016 17:09
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar mətbuatda xaricdə - Amerika, İsveçrə, Almaniya, İngiltərə kimi ölkələrdə orta məktəb təhsilinə çağırışla bağlı elanlar yayılır.

Elanlardan birinin mətninə baxaq: “15 yaşlı tələbələrə Oksford, Kembric, London İqtisadiyyat Məktəbi və digər universitetlərə, həmçinin tibb məktəbləri də daxil olmaqla universitetə qəbul üçün hazırlıq proqramları təklif edilir. Tam orta təhsilin pilləli proqramlar üçün əsas tələbləri budur ki, tələbənin 15 yaşı olmalıdır. Kursun müddəti 5 və ya 6 semestrdir, təhsil haqqı 1 semestr 8170 avrodur (məktəb qiymətləri yaxşı olan tələbələr üçün 30-50 faiz endirim edilir)”.

Yaxud başa bir elan: “İngiltərədə universitetə daxil olmaq, General Certificate of Secondary Education - Orta təhsil üzrə ümumi sertifikat və İngiltərə attestatı verən proqramla qəbul üçün əsas fakt: tələbə minimum 13 yaşda olmalıdır. Kursun müddəti 3 və ya 4 semestrdir. Təhsil haqqı 1 semestr 7370 avrodur”.
Xaricdə orta məktəb təhsilinin perspektivi belə izah edilir ki, bu məktəblərdə oxuyan məzunlara gələcəkdə dünyanın nüfuzlu universitetlərində keyfiyyətli ali təhsil almaq imkanları yaranır.

Bu cür mərkəzlərin nə vaxtdan fəaliyyət göstərdikləri, hansı şərtlər əsasında təhsil verdikləri ilə maraqlandıq. Azərbaycan təhsil sisteminə uyğunlaşan şagirdlərimiz adıçəkilən xarici ölkələrdə təhsili müddəti 12 il və daha çox olduğu halda necə təhsil alırlar?

Facebook sosial şəbəkəsində xaricdə orta məktəb təhsili səhifəsinə yazılı müraciət etdik.
2008-ci ildən bəri xaricdə orta məktəb təhsilini təşkil edən qurumlardan birinin meneceri Tamilla xanım (soyadını bildirmədi) bildirdi ki, xaricdə orta məktəblərdə təhsil almaq istəyənlər ofisə müraciət edib imtahan verirlər, sonra skayp vasitəsilə məktəb nümayəndəsi ilə söhbət aparıb, müsabiqədən keçirlər. İndiyədək bu qurumun xəttilə 100-dən artıq şagird xaricdə təhsil alıb. Hazırda əksəriyyəti Amerika və İngiltərə universitetlərində təhsillərini davam etdirirlər.

Xarici ölkələrdə əsasən orta məktəb təhsili 12 il davam etdiyinə görə, müraciət edənlərə bir neçə proqramlar təklif olunur. Ən tövsiyəlisi İB-İnternational Baccalaureate proqramıdır.

Təhsil eksperti Nadir İsrafilov bu cür elanları “pul tələsi” hesab edir. Onun fikrincə, Azərbaycanda da dünyanın nüfuzlu universitetlərinin nəzdində fəaliyyət göstərən orta məktəblərin filialları var ki, bu məktəblərdə təhsilhaqqı fantastik rəqəmlərlə ifadə olunur: “Bu yaxınlarda Qafqaz Universitetinə təhsil eksperti qismində dəvət olunmuşduq. Orada vaxtilə Türkiyə vətəndaşı olan bir xanım çıxış edərək Amerikada açdığı orta məktəbi təbliğ edirdi, izahları ilə ora tələbə və şagird cəlb etməyə çalışırdı.

Onun çıxışından bu qənaətə gəldim ki, bu cür cəhdlər bizim təhsilimizin milli xarakterinin möhkəmlənməsinə mənfi təsir edir. İndiki halda təhsilimizin milli xarakterdə formalaşması haqda nəzəri olaraq çox məlumatlar yayılır. İstər Azərbaycanda fəaliyyət göstərən xarici məktəblərdə, istərsə də xaricdəki orta məktəblərdə təhsil alan gənclərimiz mənim fikrimcə, Azərbaycan üçün itirilmiş adamlardır, onlar yad mühitin təsirinə düşərək azərbaycançılıqdan çıxırlar.

Vaxtilə SOROS-dan macar yəhudisi guya Azərbaycan təhsili üçün milyonlarla pul ayırırdı. Xüsusi “ekspertlər” yetişdirildi ki, həmin şəxslər bizim təhsilimizin irəli yox, geriyə inkişafına xidmət edirlər. İndi xaricdə təhsil bir dəb halını alıb. Amma soruşan yoxdur ki, bunlar Azərbaycan təhsilinə, dövlətinə, cəmiyyətinə nə fayda verəcək. Xaricdə təhsil alanların əksəriyyəti Azərbaycana qayıtmır, qayıdanlar da iş tapa bilmir, yaxud dövlət işində az əməkhaqqına qane olmurlar".

Təhsil eksperti hesab edir ki, indiki şəraitdə daha çox milli təhsil konsepsiyasının hazırlanmasına ehtiyac çoxdur, nəinki xaricdə təhsilə: “Təhsil elə bir məsələdir ki, bunun üçün milli kadr olmalıdır. Hər ölkənin özünəməxsus mentaliteti, mühiti, cəmiyyəti, yazılmış-yazılmamış qanun-qaydaları var. Azərbaycan türkcəsində düşünə bilməyən insanın özümüzdən, milli dəyərlərimizdən, qayğılarımızdan, problemlərimizin həlli yolundan nə xəbəri ola bilər?

Bu gün Rusiya da artıq Qərb təhsilindən imtina edir. Hazırda təhsilimizə xaricdən sırınan təcrübələrin heç biri özünü doğrultmur. Misal üçün, de-institutlaşma-uşaqların ailələrə verilməsi layihəsi iflasa uğradı. Bu Avstriya mühiti üçün keçərli ola bilər, amma bizdə 14-15 yaşlı uşağı götürüb bağ evində fəhlə, qulluqçu kimi işlətmək kimi faktlar ortalığa çıxdı".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər