10 Mart 2016 12:56
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Reklamların dili və üslub problemləri” ilə bağlı elmi-praktik konfransda belə təklif səsləndi

Martın 9-da AMEA-nın Dilçilik İnstitutunda “Reklamların dili və üslub problemləri” mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransı giriş sözü ilə institutun direktoru Möhsün Nağısoylu açaraq bildirdi ki, “Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tələblərindən biri də reklamların dili ilə bağlıdır.

Direktorun sözlərinə görə, dilin inkişafı təkcə yazıçı, publisist və ya dilçi alimlərdən asılı deyil. Dövlət dili bütün qurumlarda, radio və televiziyalarda, müxtəlif kütləvi informasiya vasitələrində, dövlət qurumlarında, şəxsi ünsiyyətdə işlənməlidir: “Hər bir vətəndaş öz nitqinə nəzarət etməlidir. Bu sahədə ilk növbədə televiziyaların, orada çalışan insanların üzərinə böyük məsuliyyət düşür. Çünki insanlar daha çox televiziyalardan məlumat alır, bəzən eşitdikləri yanlışlıqları düzgün sayırlar. Çünki televiziyadan aldıqlarını ədəbi fakt kimi qəbul edirlər”.

Möhsün Nağısoylunun fikrincə, ədəbi dil normalarının qorunması üçün reklamların təqdim olunması xüsusi əhəmiyyətə malikdir: “Reklamın lüğəti mənası ”qışqıran" deməkdir, mahiyyəti isə görülən işi, satılan malı şöhrətləndirmək, təbliğ etməkdir. Mən uzun müddət “Araz” hazırlıq kurslarında, Bakı özəl türk liseyində, Qafqaz Universitetində çalışmışam, bilirəm ki, bu müəssisələrin verdiyi təhsildə reklamların xüsusi rolu olub. Bakı özəl türk liseyinin ilk fəaliyyəti pulsuz oldu, ikinci ili 100 manat, sonra 300, daha sonra isə 1000 manata qədər ilbəil artdı. Arım məhz reklamın sayəsində baş verdi. Düşünürəm ki, reklamlarda ədəbi dil normalarına əməl edilməsinə dair bugünkü elmi-praktik konfransda apardığımız müzakirələrin mühüm əhəmiyyəti olacaq".

Azərbaycan Reklamçılar İttifaqının rəhbəri Hacıəmi Atakişiyev bildirdi ki, açıq məkan reklamlarında həm tərcümə, həm də üslub səhvləri olduqca çoxdur: “Reklam şəhərdə insanlarla danışır, insanları məlumatlandırır. Rus, fars, türk, fransız və sair dillərdə olan reklam şəhərin dilini ifadə edir. ”Reklam haqqında" Qanuna görə, reklamlarda dil məsələsində səlahiyyətlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verilib. Orada isə dilçi mütəxəssislər yoxdur. Ona görə mən təklif edirəm ki, Dilçilik İnstitutunun nəzdində bir MMC fəaliyyət göstərsin və reklamvericilər üçün ödənişli xidmət göstərsin.

Reklamverici dilin incəliklərini bilmədiyinə görə öz əleyhinə addım atmış olur. Mağazalara, xidmət obyektlərinə anormal adlar verilir. Təkcə açıq məkanlarda deyil, mətbuat və televiziyalarda da eyni vəziyyətdir. Hazırda uşaqlar reklamlara çox maraqla baxır, rəngarəng görüntü onları cəlb edir. Televiziyalarda əsasən, xaricdən gələn reklamlar dublyaj olunur. Dublyaj reklamlarda cümlələrin quruluşu düz deyil, musiqi mətnlə uzlaşmır. Ona görə reklamlarda dilimizlə bağlı peşəkar fəaliyyətə böyük ehtiyac var".

İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli ədəbi dilin müxtəlif sahələrdə işlənməsi zamanı yaranan mövcud problemlər və yol verilən xarakterik nöqsanlar barədə məlumat verdi. O, bu nöqsanların qarşısının alınması istiqamətində monitorinqlərin əhəmiyyətini qeyd etdi: “Azərbaycan dili reklamlarda statusunu qoruyub saxlaya bilmir, rayonlarda küçə reklam və elanlarında səhvlər daha çoxdur. Rayonlardan birində yol kənarında lövhədə yazılıb: "Xahiş olunur zibil atmaq qəti qadağandır".

Ekologiyanı çirkləndirməmək niyyətilə verilən bu lövhəni çox gözəl dil üslubumuzda tətbiq etmək olardı. Böyük mağazalarda şöbələrin adlarından tutmuş işçilərin üzərində yazılan kimliklərə qədər nə qədər səhvlərə rast gəlirik. Rus və ingilis dilindən tərcümələrdə səhvlər daha çoxdur, dilin xüsusiyyətlərini bilmədikləri üçün tərcümə zamanı əcaib ifadələr yaranır.

Şirkətlər külli miqdarda pul xərcləyib reklam hazırladırlar. Yaxşı olardı ki, reklamların dilində peşəkarlarla, mütəxəssislərlə razılaşmalar aparılsın. Bu dövlətin, xalqın, millətin hesabına pul qazananlar zəhmət çəkib onun dilinə də hörmətlə, sayğıyla yanaşsınlar".

Qulu Məhərrəmli bildirdi ki, Dilçilik İnstitutunda artıq sınaq sistemində çalışan “Qaynar xətt”ə müraciətlər gəlməyə başlanıb.

“Qaynar xətt”in fəaliyyətinin də reklama ehtiyacı olduğunu vurğulayan Qulu Məhərrəmlinin sözlərinə görə, mətbuatda, efirlərdə, açıq məkanlarda bu xidmət barədə geniş təbliğat aparılmalıdır. O, reklamlarda dil qüsurlarının aradan qaldırılmasında ictimaiyyəti fəal olmağa çağırdı: “Qaynar xətt” 7 rəqəmlidir - 5380736. Amma Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əksər insanlarımızın bu işdə çevik olmayacağını nəzərə alıb, bu xidmətə 4 rəqəmli nömrə verib: 1657.

24 saat fəaliyyət göstərən bu nömrələrə qeyri-iş vaxtlarında avtomatik cavab veriləcək, müraciət tərəfinin nömrəsi qeydə alınacaq, iş vaxtlarında əməkdaşlarımız sorğunu araşdırıb münasib cavabı çatdıracaqlar".
Dilçilik İnstitutunun aparıcı elmi işçisi Rasim Heydərov “Küçə reklamları və afişalarda dil normalarının pozulması” məruzəsi ilə çıxış edərək bildirdi ki, reklamı hazırlayan şəxslər dili bilmirlər. Onun sözlərinə görə, nəinki reklamlarda, hətta afişalarda xeyli üslub problemlərinə rast gəlinir.

Dilçilik İnstitutunun elmi işçisi Sevinc Məmmədova “Yazılı mətbuatda, televiziya və radioda reklamların dil özəllikləri”nə dair məruzə ilə çıxış etdi. O, dedi ki, dublyaj olunan televiziya reklamlarının dili daha bərbaddır: “Reklamların dili sadə, anlaşıqlı olmalı, dövlət dili kimi təbliğ edilməlidir. ”Super anaların keyfiyyət gücü", “Keyfiyyət sərfəlidir, özün sına”, “Lazalvan dərmanı iç, öskürəyi edir puç”, “Susuzluğuna etibar et”, “Bir əziyyətsiz yumada ”Tayd" təmizliyi", “İlk yumada heyrətedici ləkə aparır” və bu kimi qüsurlu ifadələrə özəl telekanalların hamısında rast gəlinir. Mən təklif edərdim ki, titr arxasında reklamın səsləndirilməsi Azərbaycan türkcəsini mükəmməl bilən şəxslərə həvalə edilsin ki, onların diksiyasında yad aksent olmasın".

“Multimedia şəbəkəsi və reklam dilinin aktual problemləri” mövzusunda media mütəxəssisi Seymur Kazımlı çıxışında bildirdi ki, reklamların dilində əsas problem tərcümə ilə yox, bu sahədə ümumiyyətlə peşəkar mütəxəssisin olmaması ilə bağlıdır: “Reklam mətnləri və şüarlarını mütəxəssis yazmalıdır. Beynəlxalq dildə onlara kopirayt deyilir. Bu gün Azərbaycanda ictimaiyyətlə əlaqələr şöbəsi ixtisas kimi öyrədilmir. Bu da həmin sahənin bir qoludur.

Jurnalistika fakültəsində bir semestr tədris olunmaqla iş başa gəlmir. Normal inkişaf edən ali məktəblərdə ictimaiyyətlə əlaqələr 4-5 il ayrı bir ixtisas olaraq öyrədilir, kadrlar hazırlanır ki, bura da həmin kopirayt üzrə kadrlar da daxildir" .

“Reklam dilində tərcümədən irəli gələn dil qüsurları” mövzusunda məruzə ilə çıxış edən Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təmsilçisi Yaşar Əliyev isə bildirdi ki, dil təsərrüfatındakı özbaşınalıqlar bütün sahələrə öz mənfi təsirini göstərdiyi kimi, reklama da öz təsirini göstərib, amma bunun səbəblərini təkcə tərcümədə axtarmaq düzgün olmaz: “Reklamla bağlı vəziyyətimiz çox acınacaqlıdır. Hətta böyük siyasi səhvlər də olur. Bütün bunlar mətni yazanların, eləcə də edilən tərcümələrin qeyri-peşəkar olması ilə əlaqədardır. Reklam mətni yazmaq özü böyük istedaddır”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər