10 Mart 2016 14:01
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib.

Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə edən jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist riskli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən nəzarətə götürülür. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”.

JuHİ sədri qeyd edib ki, BJF-nin riskli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq üçün göstərdiyi yardıma risk yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir: “Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risqlərdən yayınmaq üçün istiqamət verir”.

Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir.

Nemət


Müəllif:

Oxşar xəbərlər