Kibercinayətlərin sayının artımı səbəbindən kompüter piratçılığı və kibercinayətlərə məruz qalmış istifadəçilərin müdafiəsi məqsədilə “Microsoft” Azərbaycanda “qaynar xətt” açır. Şirkət bunu Azərbaycanda kibertəhlükələrin artımı ilə izah edərək bildirib ki, son zamanlar ölkədə korporativ kompüterlərə, veb-saytlara və şirkətlərin İT-şəbəkələrinə kiberhücumların sürətli artımı var.
Hesabata əsasən, 65 faiz hallarda şirkət əməkdaşlarının fərdi kompüterlərinə lisenziyasız proqram təminatı quraşdırılır, hər dördüncü işçi isə öz kompüterinə qeyri-leqal proqram və tətbiqlər yükləyir. İnternetdə “Microsoft” Korporasiyasının müxtəlif proqram məhsullarını pulsuz yükləmək təklifi vasitəsi ilə eyni saxta sxem Azərbaycanda da rast gəlinir. Misal üçün “pulsuz “Windows” yükləmək” təklifi vasitəsi ilə internetdən proqram yükləndiyi zaman 100 haldan 92-sində müştərilər öz məxfi məlumatlarını və pullarını itirmək riskinə məruz qalır.
“Microsoft” Korporasiyasının Kibercinayətkarlıq ilə Mübarizə Beynəlxalq Mərkəzinin məlumatına əsasən, Şərqi Avropa ölkələrində vətəndaşların 80 faizi keçmişdə kibercinayətkarlıq ilə qarşılaşıb, orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin 97,5 faizi isə ən azı ildə bir dəfə kibertəhlükəyə məruz qalıb.
“Cinayətkarlar yüksək texnologiyalardan istifadə etdiyi üçün təhlükə səviyyəsi daim artır. Ötən il ərzində 317 milyon zərərli proqram yaradılıb ki, bu da gün ərzində 1 milyona yaxın yeni kibertəhlükə deməkdir, - deyə “Microsoft”un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşma şərtlərinə əməl edilməsinin yoxlanması üzrə direktoru Dmitri Beresnyev qeyd edib. – “Microsoft” Korporasiyası piratçılığa qarşı mübarizədə yalnız lisenziyalaşdırılmış proqram təminatını istifadə etməyi, müntəzəm olaraq əməkdaşlara korporativ təhlükəsizlik barədə təlim keçməyi, həmçinin məlumatların müdafiəsi məqsədilə xüsusi proqram və cihazlardan tətbiq etməyi məsləhət görür”.
Təkcə 2015-ci il ərzində bütün dünya üzrə kiberhücumların zərəri 159 milyard ABŞ dollarına bərabərdir, “Symantec”ın məlumatına əsasən, hesabat ilində 594 milyon insan haker hücumlarının qurbanı olub.
Naibə QURBANOVA