11 Mart 2016 23:12
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov: “Bu araşdırmalar və müzakirələr daha geniş formatda aparılmalıdır”

Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb.

Nazirlikdən bildiriblər ki, tədbirdə bu qurumun, Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müvafiq məktəblərin direktorları iştirak ediblər. Çıxış edənlər 12 illik ümumi təhsilə keçiddə məktəbəhazırlıq mərhələsi də nəzərə alınmaqla, ümumi təhsilin mümkün modelləri, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə ayrı-ayrı məktəblərdə təşkili, proses üçün hazırlıq işlərinin aparılması və pilot mərhələnin tətbiqi və sair barədə təkliflər səsləndiriblər.

Təhsil Problemləri İnstitutunda 12 illik ümumi təhsilə keçidin səmərəliliyinin müəyyənləşdirilməsi üçün tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov Teleqraf.com-a açıqlamasında bildirib ki, Təhsilin inkişafı üzrə Strategiyada və təhsillə bağlı digər sənədlərdə 12 illik təhsilə keçid öz əksini tapıb, hazırda aparılan müzakirələr bu keçidin yolları, mexanizmi, 12 illik təhsilin strukturu necə bölünməlidir, ibtidai təhsilə neçə müddət ayrılmalıdır və sair barədədir: “Bəzi ölkələrdə ibtidai təhsil 6, bəzilərində 5, bəzilərində isə bizdə olduğu kimi 4 illikdir. Hətta bəzi ölkələrdə 8 illik də var. Yəni struktur çox müxtəlifdir. Təbii ki, Təhsil Nazirliyində bununla bağlı elmi araşdırmalar gedir, eksperimentlər aparılır, layihələr icra olunur. Aparılan tədqiqatlar həm təhsilin məzmunu, həm dərs yükü baxımından, həm də uşaqların yaş psixologiyası və fiziologiyası baxımından araşdırılır. Biz də istəyirik ki, həm xarici təcrübə, həm yerli şərait öyrənilməklə bu məsələ öz həllini tapsın. Bizim institut da bu yönümdə tədqiqatlarını aparır. Ayrı-ayrı ölkələrin təcrübəsini və həm də bu təcrübələrin Azərbaycanda nə dərəcədə səmərəli ola biləcəyini öyrənirik. Bu məsələlər Azərbaycan təhsil ənənələri, reallığı prizmasından araşdırılır. Ötən il də Təhsil Nazirliyinin sifarişi əsasında belə bir tədqiqat aparılıb, nazirliyə təqdim olunub. Ümid edirəm ki, bu tədqiqatlar daha geniş formatda tətbiq olunmalıdır”.

Direktorun fikrincə, Sinqapurun, Finlandiyanın təhsil təcrübəsini öyrənib, Azərbaycanda tətbiq etmək fikrində olanlar çox böyük yanlışlığa yol verir: “Biz bütün məsələlərlə reallıqla yanaşmalıyıq. Təhsil naziri cənab Mikayıl Cabbarov da çıxışlarında birində qeyd etdi ki, 12 illik təhsil sisteminə keçidə formal olaraq mexaniki bir dəyişiklik kimi baxılmamaldır. Bu, çox mühüm bir məsələdir və ciddi müzakirələrin aparılmasını tələb edir. Nazir də bildirdi ki, bu sistemə düşünülmüş şəkildə, mütəxəssislərin iştirakı ilə, dünya ölkələrinin təcrübələrinə, real imkanlarımıza, hədəflərimizə nəzər salmaqla keçilməlidir. Təhsil ictimaiyyətinin bəzi nümayəndələri dərs yükünün ağırlığından şikayətlənirlər. Elə isə bəs dərs yükü necə bölünsün? Ona görə 12 illik təhsilə keçidlə artıq dərs yükündən azad olunması da müzakirə predmetidir”.

Qulu Novruzov deyib ki, bu gün dünyanın tələbləri, ictimai, sosial mühit, əmək bazarının tələbləri dəyişdiyi üçün elə kadr hazırlanmalıdır ki, həm rəqabətqabiliyyətli olsun, həm də Azərbaycanın dövləti maraqlarından irəli gələn yükü öz çiyinlərində daşıya bilsin.

SEVİL


Müəllif:

Oxşar xəbərlər