Ədliyyə Nazirliyi 30 ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 29 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 16 çoxtərəfli müqavilə üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 17.500-ə çatıb.
Beynəlxalq hüquq əməkdaşlığı çərçivəsində məhkumların verilməsi sahəsində işin dairəsi də genişlənib. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Rusiya, Ukrayna, Litva, İranla, həmçinin ötən il Pakistan və Çin ilə bu sahədə müqavilələr bağlanılıb, eləcə də dövlətimiz Avropa və MDB-nin müvafiq konvensiyalarının iştirakçısıdır. Həmin sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkələrə verilməsini təsbit etməklə onların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 167 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 240 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub. Bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə normal qovuşmasına xidmət edir.
Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının dünyanın harasında olmalarından asılı olmayaraq onların hüquq və mənafelərinin təmin edilməsinə çalışır, xarici ölkələrə edilən səfərlər zamanı Azərbaycan vətəndaşlarının qayğıları ilə mütəmadi maraqlanır. Dövlətimizin başçısının ötən ay İrana rəsmi səfəri iki ölkə arasında hüquqi sahədə əməkdaşlığa əlavə təkan olub, Novruz bayramı ərəfəsində İranda cəza çəkən 6 nəfər azərbaycanlı məhkum ölkəmizə, 26 nəfər İran vətəndaşı isə qarşı tərəfə təhvil verilib.
Ədliyyə Nazirliyi beynəlxalq hüquq əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da lazımi tədbirləri davam etdirəcək.