13 İyun 2014 13:50
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə rayonunda inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, mənzillərin təqdim olunması mərasimində Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son 10 ildə 5 minə qədər əlil və şəhid ailəsinin mənzillə, 4500-ə yaxın əlilliyi olan şəxsin avtomobillə təmin edildiyini diqqətə çatdırıb:

“Ölkə başçısının 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı başa çatdırıldı. Yaxın vaxtlarda bu ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsinə başlayacağıq”.

Səlim Müslümov mənzillə təminat sahəsində də həyata keçirilən tədbirlərdən bəhs edib: “Bu il aprelin 25-də Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evi əlil və şəhid ailələrinə təqdim edilib, bu gün isə Bərdədə mənzillər verilir. İlin sonunadək Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinin istifadəsinə verəcəyik.

Bununla yanaşı, 2014-cü il üçün Dövlət İnvestisiya Proqramı üzrə ayrılmış müvafiq vəsait hesabına Bakı şəhəri və ətraf qəsəbələrdə yeni tikilmiş binalardan əlil və şəhid ailələri üçün yeni mənzillərin satın alınması ilə əlaqədar nazirliyimiz tərəfindən açıq tenderin keçirilməsinə başlanıb. Yəni bu sahədə də həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mühüm irəliləyişlərin təmin olunması nəzərdə tutulur”.

NAİBƏ


Müəllif: