Səyyad Salahlı: “Digər dini icmalara 400 min manatdan çox qrant vermişik”
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlının Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ölkədə dini durumu necə qiymətləndirirsiniz?
- Hazırda ölkədə dini durum sabitdir, proseslərə nəzarət edirik. “Dini etiqad azadlığı haqqında” Qanunla və Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn vəzifələri uğurla yerinə yetiririk. Cənab Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bu günə kimi Dövlət Komitəsi tərəfindən 114 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 95-i isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər. Respublikanın bütün bölgələrini və paytaxtı əhatə edən maarifləndirmə layihələri uğurla icra olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ümumilikdə ölkəmizdə dini stabilliyin qorunması, istər İslam, istərsə də qeyri-islam dinlərinin sərbəst fəaliyyət göstərmələri üçün əlindən gələni edir.
- Komitə dini icmalara böyük məbləğdə maliyyə vəsaiti ayırır. Sonradan bu maliyyə vəsaitlərinin xərclənməsinə nəzarət edilirmi?
- Əlbəttə, bu istiqamətdə nəzarət mexanizmi mövcuddur. Ayrılan maliyyə vəsaitinə dair rəsmi sənədlərin dini icma rəhbərlərinə təqdim edilməsindən bu icmaların həmin maliyyə vəsaiti hesabına icra etdikləri layihələrə kimi bütün məlumatlar tam əhatəli şəkildə Dövlət Komitəsinin rəsmi internet saytı və KİV vasitəsilə ictimaiyyətə təqdim edilir. Rəsmi sənədləşmə və layihələrin sərf etdikləri maliyyə vəsaiti Maliyyə şöbəsinin nəzarətindədir. Dini icmalar bütün xərclər barədə rəsmi sənədlərlə hesabat təqdim edirlər.
- Qanuna görə, dini ədəbiyyat və nəşrlər komitənin icazəsindən sonra nəşr edilə, belə xarakterli ədəbiyyat ölkəyə gətirilə bilər. Bu proses necə həyata keçirilir?
- Təbii ki, bütün dini məzmunlu ədəbiyyatların nəşr edilməsi və ölkəyə gətirilməsinə dair icazənin verilməsi Dövlət Komitəsinin səlahiyyətindədir.Bu proses Komitənin Dinşünaslıq ekspertizası şöbəsi tərəfindən həyata keçirilir. Adıçəkilən şöbənin fəaliyyətinin əsasını ölkəyə idxal olunan və ölkədə nəşr olunan dini təyinatlı ədəbiyyatın ekspertizasının həyata keçirilməsi təşkil edir. Dini ədavət, hər hansı bir dinin qatı təbliği, din mənsublarının təhqiri ilə bağlı materiallar yoxdursa, bu zaman həmin ədəbiyyatın ölkəyə gətirilməsi və istifadəsinə icazə verilir.
- Komitənin sədri Mübariz Qurbanlı, eləcə də Siz mütəmadi olaraq rayonlara səfər edir, görüşlər keçirirsiniz. Bu görüşlər nəyə hesablanıb?
- Bu görüşlər dini maarifçiliyin təbliğinə, milli-mənəvi dəyərlərin inkişafına, dinimizin əsaslarının möhkəmləndirilməsinə və dindarlarla əlaqələrin intensivləşdirilməsinə, habelə orada meydana çıxan problemlərin həllinə yönəlir.
- Azərbaycanda mövhumatçılıq nə dərəcədə dərindir?
- Azərbaycanda mövhumatçılıq güclü deyil. İnsanlarımız dinə, din xadimlərinə böyük hörmətlə yanaşmaqla bərabər dini olduğu kimi öyrənməyə, qəbul etməyə və onun ən yaxşı tərəflərini götürməyə çalışır.
- Məscidlərində dini ayin və mərasimlərə rəhbərliyi yalnız yerli din xadimləri həyata keçirə bilər, xarici ölkələrdə dini təhsil alan şəxslərin buna rəhbərlik etməsi qadağandır. Bəs ölkəmizdə din xadimlərinin yetişdirilməsi potensialı varmı?
- Azərbaycanın kifayət qədər imkanı var ki, özünün ruhani kadrlarını hazırlasın. Çünki bunun üçün heç bir qadağa yoxdur. Qanunla hər bir dindar azad şəkildə öz dini etiqadı ilə məşğul ola, dini fəaliyyətini inkişaf etdirə, adət və mərasimlərin yerinə yetirilməsində iştirak edə bilər. Bu gün Azərbaycanda 2166 məscid var. İşğal edilən rayonlarımızdakı məscidlərin sayı bu rəqəmə daxil deyil. Halbuki, sovet dövründə bu məscidlərin sayı cəmi 17 idi. Son bir neçə ildə 200-dən çox məscid təmir edilib və ya tikilib. Eyni zamanda Azərbaycanda 306 məscid dövlət tərəfindən tarixi abidə olaraq qorunur. Bu, faktiki olaraq dövlətin dindarların ibadətlərini yerinə yetirdiyi məkanlara qayğısının ifadəsidir. Azərbaycan tolerant ölkədir, tarixən multikultural dəyərləri özündə yaşadan, inkişaf etdirən məkandır. Azərbaycanda üç səmavi dinin nümayəndələri fəaliyyət göstərir, azad formada dini ayinlərini həyata keçirirlər. Bakı dünyanın ən unikal şəhərlərdindən biridir ki, düz xətt üzrə bir kilometr məsafədə üç səmavi dinin ibadətgahı var. Bu nümayəndələr öz dinlərini inkişaf etdirir, dövlətin onlara yaratdığı şəraitdən bəhrələnir. Qeyd etdiyim kimi Dövlət başçısının Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2,5 milyon manat vəsaitdən müsəlman və qeyri-müsəlman dini icmalarına maliyyə vəsaiti verilir. Həmin vəsaitin bölgüsü zamanı təbii olaraq qeyri-islam təmayüllü dini icmalar da nəzərə alınıb və bu icmalara ümumilikdə 400 min manat maliyyə vəsaiti ayrılıb.
- Bəs, digər dinlərə məxsus neçə ibadətgah fəaliyyət göstərir?
- Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin birlikdə sülh və qardaşlıq mühitində yaşadığı bir dövlət olub. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, bu gün burada məscidlərlə bərabər, kilsələr də, sinaqoqlar da fəaliyyət göstərir. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi mühafizə edilir. Bakı şəhərində tikilmiş sinaqoq Avropada ən möhtəşəmlərdən sayılır. Rus pravoslav kilsəsi, katolik kilsəsi əzəmətinə və gözəlliyinə görə xristian ölkələrindəki kilsələrdən heç də geri qalmır.
Azərbaycanda 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
- Dinin siyasətə qarışması, dindən siyasətdə alət kimi istifadə olunması ehtimalları və təhlükələri nə qədərdir?
- Bu, qəti yolverilən hərəkət ola bilməz. Dindar dindardır, siyasətçi isə siyasətçidir. Ən qızıl qayda bundan ibarətdir ki, hər kəs öz işi ilə məşğul olsun. Din heç bir halda siyasi alət vasitəsi, dindar da siyasətlə məşğul olmalı deyil. Bunlar tamamilə ayrı-ayrı anlayışlar və funksiyalardır. Dindar siyasətə qarışanda öz ampulasından kənara çıxır. Aydındır ki, belə məqamda qanun ona öz yerini göstərməyə məcbur olur.
- Radikal dini qruplar müəyyən dövrdə aktiv idilər. Bu sırada daha çox vəhhabilərin, “Meşə qardaşları”nın adı qeyd olunurdu. Bu baxımdan vəziyyət nədən ibarətdir?
- Azərbaycanda radikal dini qrupların fəaliyyəti nəzərə çarpacaq dərəcədə azalıb. Onların təsir və nüfuzları günü-gündən azalır. Çünki onların əsas məqsədi öz zərərli ideyalarını yaymaqdır. Azərbaycanda 1300 ilə yaxındır ki, İslamın ən böyük iki qolu fəaliyyət göstərir. Mən şiə və sünniləri nəzərdə tuturam. Əhalimiz də, coğrafiyası və ərazisi etibarı ilə bu iki dinin qollarının daşıyıcılarıdır. Yeni dini təlimlə ortaya çıxmaq doğru deyil. Bu sadəcə insanları çaşdırmağa xidmət edir. Həm də belə məqsədlərin arxasında çirkin niyyətlər durur. Bu məqamlar bəlli olduqda dövlətin bəlli struktur və orqanları bu məsələni araşdırır.
- Nardaranda hazırki vəziyyəti necə qiymətləndirirsiniz?
- Nardaranda çox normal vəziyyət hökm sürür. Orada artıq dini icma qurulub, icmanın sədri müəyyənləşib. Hər şey qaydasındadır. Azərbaycan dövləti də Nardaranın həm iqtisadi, həm sosial, həm də mənəvi inkişafında maraqlıdır. Dövlət bu istiqamətdə əlindən gələn köməyi Nardaran camaatına göstərir. Nardaranda bundan sonra iqtisadi, sosial və quruculuq mənasında heç bir problem olmayacaq.
Nemət