16 Mart 2016 18:31
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novella Cəfəroğlu: “O, bizə konkret bir söz demədi”

Əliməmməd Nuriyev: “Əfvdə fərq qoyulmur ki, kim populyar, kim isə qeyri-populyardır”

“Gözləntilərimiz çoxdur. Ümid edirik ki, yaxın günlərdə cənab Prezident əfv sərəncamı verəcək. Əlbəttə, əfvin verilməsi Prezidentin müstəsna səlahiyyətinə aid məsələdir. Ancaq əfvin olacağına ümidlərimiz çoxdur”.

Bunu Teleqraf.com-a Hüquq Müdafiəçilərinin Monitorinq Komitəsinin üzvü Novella Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, onlar İnsan hüquq və problemlərinə dair Birgə İşçi Qrupunda fəaliyyətlərini davam etdirirlər: “İşçi Qrupu da öz siyahısını Əfv Komissiyasına təqdim edib. Hüquq müdafiəçiləri Əfv Komissiyasının üzvləri ilə görüşlər keçirib. Fikirlərimizi bildirmişik. İmkan olduqca yenə də görüşürük. Həmkarımız Əliməmməd Nuriyev artıq Əfv Komissiyasının tərkibinə daxil edilib. Bu, bizi sevindirir. Çünki bizim mövqeyimizi də ifadə edir. Odur ki, ümidlərimiz çoxdur. Əliməmməd Nuriyevlə də təmasdayıq. Düzdür, o, bizə konkret bir söz demədi. Bu da, normaldır. Çünki Əfv Komissiyasının əsasnaməsi bunu qaçılmaz edir. Amma inanırıq ki, əfv olacaq və bir qrup məhkum Novruz Bayramını evində qeyd edə biləcək”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə xatırladıb ki, Əfv Komissiyası 400-dən çox müraciətə baxıb: “Əfv Komissiyasının üzvləri müzakirələr zamanı öz fikir və rəylərini bildirdilər. Bir qrup şəxslərlə müvafiq rəylər hazırlandı. Ümumiyyətlə, Əfv Komissiyasına müraciət edən məhkumlarla bağlı tövsiyə xarakterli rəylər hazırlanaraq ölkə başçısına təqdim edilib”.

Komissiya üzvü qeyd edib ki, əfv etmək dövlət başçısının müstəsna səlahiyyətinə aid olan hüquqdur: “Onu hansı formada, necə həyata keçirilməsini yaxın günlərdə müşahidə edəcəyik. Cənab Prezidentimiz hər kəsin prezidenti olduğunu bəyan edib. Prezident bütün vətəndaşların hüquq və mənafelərinin qorunmasının təminatçısıdır. Eyni zamanda məhkum edilən şəxslərə də münasibətdə dövlətin humanizm siyasətini həyata keçirir”.

Ə.Nuriyev əlavə edib ki, indiyə qədər 60-dan çox əfv sərəncamı imzalanıb, 8 minə yaxın şəxs azad edilərək ailəsinə qovuşub: “Hər zaman Azərbaycan tarixində əlamətdar olan günlər ərəfəsində Prezident bir qayda olaraq əfv sərəncamı imzalayıb. Mən istisna etmirəm ki, milli bayramımız olan Novruz Bayramı ərəfəsində Prezident tərəfindən əfv sərəncamı imzalana bilər. Amma bu siyahıda kimlər olacaq məsələsi artıq Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Eyni zamanda burada artıq fərq qoyulmur ki, kim populyar, kim isə qeyri-populyardır. Burada söhbət dövlətin mərhəmət hüququnun Prezident tərəfindən reallaşdırılmasından gedir. Düşünürəm ki, hər zaman mərhəmətdən məhkumlara müəyyən pay düşüb və ümid edirəm ki, bu proses davam edəcək. Çünki Prezident eyni zamanda hər kəsə mərhəmətli və şəfqətli yanaşma nümunəsi ortaya qoyur”.

Nemət


Müəllif:

Oxşar xəbərlər