Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün Novruz bayramı münasibətilə tədbir keçirib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli fondun ötən il gördüyü işlər, həyata keçirdiyi layihələr və elan etdiyi fərdi jurnalist müsabiqələri barədə məlumat verib.
V. Səfərli mətbuata dövlət qayğısından da söz açıb.
“Dünən Fondun Novruz bayramı münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsində ikinci və üçüncü yer tutan qaliblər mükafatlandırılıb. Bu ilin yanvar ayının 28-dən elan edilən müsabiqə mart ayının 4-də başa çatıb. Müsabiqə 15 istiqamət üzrə keçirilib. Müsabiqəyə 62 KİV-dən 155 yazı təqdim edilib. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqədə15 nəfər birinci, 30 nəfər ikinci, 45 nəfər isə üçüncü yerə layiq görülüb. Bu gün biz həm Novruz şənliyinə həmçinin bu müsabiqədə birinci yer tutan qaliblərin mükafatlandırılması mərasiminə yığışmışıq. Həm qalibləri, həm də xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, uğurlar arzulayıram”.
Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir bədii hissə ilə davam edib.