Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutunun builki Dünya Konqresində, eləcə də BMİ-nin 65-ci Baş Assambleyasında iştirak etmək üçün Qətərə yola düşüb.
BAMF-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, professionallıq riski və jurnalist təhlükəsizliyi başlığı altında martın 19-dan 22-nə qədər davam edəcək 4 günlük konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış jurnalistlər, aparıcı media orqanlarının nümayəndələri iştirak edəcək. BMİ-nin builki konqresində bir çox vacib və dünya əhəmiyyətli məsələlərə toxunulacaq. Xüsusilə, insan hüquqları, münaqişə bölgələrində jurnalistlərin fəaliyyətinin təhlükəsizliyinin təmin olunması, Suriya böhranı, miqrant problemi və digər bu kimi qlobal mövzular da toplantı zamanı müzakirə olunacaq.
Qeyd edək ki, Umud Mirzəyev eyni zamanda Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin üzvü, BMİ-nin Bakı Regional Təşəbbüs Mərkəzi və Azərbaycan Milli Komitəsinin də rəhbəridir. BAMF sədrinin Konqresdə beynəlxalq məsələlərlə bağlı çıxışı da gözlənilir.
Səxavət