“Prezident İlham Əliyev bayram ərəfəsində çox xeyirxah iş gördü. Özünün Konstitusiyada nəzərdə tutulan müstəsna səlahiyyətindən istifadə etdi. Prezident istisnasız olaraq özünün şəxsi iradəsini ortaya qoydu və eyni zamanda Azərbaycan ictimaiyyətinin fikirlərini nəzərə aldı. Hüquq müdafiəçiləri olaraq müəyyən insanlarla bağlı təkliflər vermişdik. Demək olar ki, nəzərə alınıb”.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi, “İnsan hüquqları üzrə Birgə Qrup”un katibi Sahib Məmmədov bildirib.
S.Məmmədov daha sonra deyib: “Mən istərdim ki, başqaları da əfvlə bağlı məsələlərin ölkə daxilində çözülməsi üçün ölkədaxili institutlara, ölkədaxili mexanizmlərə müraciət etsinlər”.
Hüquq müdafiəçisi əfv sərəncamına verilən reaksiyalara da toxunub: “Azərbaycan ATƏT-in, Avropa Şurasının, BMT-nin üzvüdür. Bu qurumlardan gələn fikirlər əlbəttə, önəmlidir. O cümlədən Azərbaycanın stretaji partnyoru olan Birləşmiş Ştatların Dövlət Departamentinin reaksiyası yaxşıdır. Amma ölkə Prezidenti bunu beynəlxalq ictimaiyyətin reaksiyaları xatirinə etmir. Dövlət başçısı humanizm prinsiplərini əsas götürərək, ziyalıların, hüquq müdafiəçilərinin müraciətini nəzərə alaraq bu addımı atır. Amma kim ki, verilən əfv sərəncamına müsbət yanaşır, onların da fikirləri qiymətlidir”.
Müsahibimiz qeyd edib ki, ümumulikdə 21 nəfərin təmsil olunduğu “İnsan hüquqları üzrə Birgə Qrup”da məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi ilə bağlı təkliflər verilib: “Bilirsiniz, biz təklif verə, vəsatət qaldıra bilərik. Amma qərarı qəbul edən Prezidentdir. Bizim hamımız bu məsələdə müəyyən rol oynamışıq. Amma bizim işimiz təklif verməkdən o yana getmir. Amma açıq demək lazımdır ki, bu işi görən əsas şəxs ölkə Prezident cənab İlham Əliyevdir. Konstitusiyada elə normalar var ki, onların icrası məcburi xarakter daşıyır. Amma bütün dünyada belədir ki, əfv prezidentlərin səlahiyyətinə aid məsələdir. Konstitusiya bu hüququ Prezidentə verir, o da bu hüquqdan istifadə edə də, etməyə də bilər. Belə bir norma yoxdur ki, tutalım 6 aydan bir əfv sərəncamı verilməli, filan qədər adam buraxılmalıdır. Konstitusiya və qanunlar Prezidentin üzərinə belə bir öhdəlik qoymayıb. Prezidentə hüquq verilib ki, istəsə kimisə bağışlaya bilər. Prezident də bu hüququndan, səlahiyyətindən tez-tez istifadə edir ki, bu da çox yaxşıdır”.
Səxavət HƏMİD