Prezident sərəncamı ilə əfv olunanlar arasında Astara rayon sakini Tural Cavadlı da var. O, 2 saylı cəzaçəkmə müəssisəndən azadlığa buraxılıb.
Tural Cavadlı Teleqraf.com-a bildirib ki, Astara şəhərindəki 7 saylı orta məktəbin həyətində münaqişə zəminində 10 yaşlı Tural Dadaşovu dəmir parçası ilə vurub.
Tural Dadaşov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində 4-cü sinif şagirdinin həyatını xilas etmək mümkün olub.
Tural Cavadlı cinayət hadisəsinin baş verdiyi məktəbdə 9-cu sinfində oxuyurmuş. Onun sözlərinə görə, dostu ilə məktəbin ayaqyolusunun yaxınlığında zarafatlaşıb: “Tural Dadaşovla uşaqlar zarafata gülüşdülər. Bu zaman əlimə keçən qalın dəmir məftillə Tural Dadaşovu vurdum”.
Tural Cavadlının sözlərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib: “Təyin olunmuş cəzanın 4 ilini həbsxanada yatmışam. Bu gün əfv sərəncamı ilə azadlığa buraxılmışam. Gənc olsam da bu illər ərzində həbsxanada düşünməyə çox vaxtım oldu.
Həbsxanada yatdığım illər ərzində əməlimdən çox peşmançılıq çəkdim. Yəqin ki, peşman olmağım üçün bu yolu keçməli idim. Bundan sonra nəinki mübahisə etmək, heç kəsə güldən ağır söz deməyəcəm. Həbsxana həyatı mənə dərs verdi”.
Hacı Zeynalov
Fotolar: Elçin Murad