Azərbaycanın Meksikadakı səfirliyi Novruz şənliyi təşkil edib.
Azərtac-ın məlumatına görə, tədbirdə Meksikada yaşayan azərbaycanlı icmanın üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, Meksika Xarici İşlər Nazirliyi, Senatı, habelə ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili Mehriban Səmədova iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə məlumat verib. O, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni, tarixi irsi olduğunu diqqətə çatdırıb, ölkəmizin Novruz ənənələrindən bəhs edib.
Tədbirdə Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib, xalq mahnıları səsləndirilib və bayram tonqalı yandırılıb.
Həmçinin səfirlikdə ölkəmizin Novruz ənənələrini əks etdirən müxtəlif kitab, jurnal, suvenir və bayram xonçaları sərgilənib və tədbir iştirakçılarına hədiyyə olunub.