Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Moskvada “Nə? Harada? Nə vaxt?” intellektual oyunu keçirib. Bakıda keçiriləçək “Formula-1” Qran-pri yarışlarına həsr olunmuş turnirdə 26 komanda iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müşaviri Natiq Əliyev oyunu açıq elan edərək, Rusiyanın azərbaycanlı gəncləri arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə, RAGB-nin sədri Leyla Əliyevaya təşəkkürünü bildirib. Natiq Əliyev qeyd edib ki, 187 ölkədə 500 milyondan çox azarkeşin izlədiyi “Formula 1”-in Bakı mərhələsi unikallığı ilə seçiləçək. “Formula-1” yarışlarının təşkili üzrə işləri davam edir və tezliklə Bakı növbəti dəfə bütün dünyaya idman bayramı yaşadacaq.
Turnirin aparıcısı “Nə? Harada? Nə vaxt?” intellektual oyununun tanınmış iştirakçısı, “Büllur bayquş” mükafatının sahibi Rövşən Əskərov idi. Turnirdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki Universiteti kimi aparıcı ali məktəblərin Azərbaycan klublarının komandaları iştirak edirdi.
Final mərhələsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun komandasına qalib gələn Rusiya Ali İqtisad Məktəbinin “Kəpəz” komandası yarışı birinci pillədə başa vurub. Üçüncü yeri isə Moskva Dövlət Universitetinin “Azərbaycanlı” klubu tutub.
Qaliblərə “Formula-1” yarışlarının xüsusi hədiyyələri, həmçinin Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin medalları, fəxri fərmanları və pul mükafatları təqdim olunub.