14 İyun 2014 11:52
3 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əbülfəz bəyin Kələkiyə getməsi məxfi həyata keçirilməli idi”

“Brifinq”in budəfəki qonağı mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdur. Elçibəyin sirlərini açan O.Qasımov siyasətdən tamamilə uzaqlaşmasına aydınlıq gətirdi. Son günlər yenidən geniş müzakirələrə səbəb olan Elçibəyin Bakıdan Kələkiyə getməsinin detallarını açıqlayan Oqtay bəy Rusiya hərbi kəşfiyyatının Elçibəyə qoyduğu kod addan da danışdı. O, həmçinin Elçibəyin Kələkiyə getməsi ilə bağlı qərarını hansı şəraitdə verməsindən bəhs etdi.

Nərgiz Ehlamqızı: Mərhum Əbülfəz Elçibəyin dünyasını dəyişməsindən sonra siyasətdən çəkilmisiniz. Niyə aktiv siyasi fəaliyyətdə deyilsiniz və hazırda nə işlə məşğulsunuz?

- 2002-ci ildən siyasi fəaliyyətimi dayandırmışam. Bu gün də özəl sektorda çalışıram. İctimai-siyasi proseslərdə iştirakım sırf seçkilərlə bağlıdır. Yəni seçkilər dövründə yaxın bildiyim insanların təbliğatına yardım edib onu dəstəkləyirəm. Vətəndaş olaraq seçki dövründə üzərimizə düşəni eləməyə çalışırıq.

N.Ehlamqızı: Niyə siyasətdən imtina eləmisiniz?

- Ailə başçısıyam və ailənin dolanışığını təmin etmək lazımdır. Ya siyasətlə məşğul olmalı, ya da maddi problemləri həll etmək lazımdır. Ona görə də iki variantdan biri seçilməli idi. Siyasətlə məşğul olanların hansısa maddi dəstəyi olmasa, onun fəaliyyəti çətin olar. Maddi problemi özüm həll etdiyim üçün iki işi bir arada görmək imkansız idi. Ona görə də mən birinci variantı seçdim. Siyasi proseslərdə iştirakdan kənardayam. İştirakım əslində mövsümi xarakter daşıyır, seçkilər dövrünü əhatə edir. Aktiv siyasət deyəndə söhbət partiya həyatında iştirakdan gedirsə, onsuz da partiyaların vəziyyəti o həddədir ki, onların ölkədə gedən proseslərə təsir eləmək imkanları azdır.

Qurban Yaquboğlu: Yəni heç bir siyasi qurumda təmsilçiliyiniz yoxdur?

- Xeyr. Tam sərbəst Azərbaycan vətəndaşıyam. Bitərəfliyi də qəbul eləmirəm. Azərbaycanın siyasi mühiti və inkişafı ilə bağlı öz görüşlərim var. Ona görə də konkret olaraq hansısa təşkilatda təmsilçiliyim yoxdur.

Q.Yaquboğlu: Prezident köməkçisi olmusunuz. Sizin köməkçi kimi funksiyanız və vəzifəsi nədən ibarət idi?

- 1992-93-cü illərdə Prezidentin iki nəfər köməkçisi vardı. Biri rəhmətlik Gürşad Zərbəliyev idi, o, həm də Ayaz Mütəllibovla işləmişdi. Onun vəzifəsi telefonlara cavab vermək və ilkin dövrdə qəbulların müəyyən hissəsini müəyyənləşdirmək idi. Sonra qəbul məsələləri bütövlükdə rəhmətlik Nəcəf bəyin səlahiyyətləri çərçivəsinə daxil edildi. Həm mən, həm də Gürşad Zərbəliyev bizə olan müraciətləri onunla razılaşdırıb qrafikləşdirirdik. Mənim köməkçi olaraq işim konkret sahələri əhatə edirdi. Bu da mətbuatı izləmək, media ilə əlaqələr, oradan xülasələr çıxarmaq idi. Əslində xülasələrlə mətbuat xidməti məşğul olurdu, onların diqqətindən yayınan önəmli məqamlar olardısa, xülasəsini hazırlayırdım. Bir də Prezidentə poçt vasitəsilə edilən müraciətlər mənim sahəmdə idi. Üçüncü bir funksiyam, o vaxt Dövlət Müdafiə Komitəsi gedirdi, bugünkü Dövlət Təhlükəsizlik Şurasının iclaslarının protokolunu tərtib edirdim. Stenoqramları yazır, protokolları tərtib edir, qərarları yazırdım, məxfi sənədlərlə işləyirdim.

Q.Yaquboğlu: Vəfizəyə gəlişiniz necə oldu? Elçibəylə yaş fərqiniz çox idi, niyə məhz Siz köməkçi təyin olunmuşdunuz?

- 1990-cı ildə universiteti bitirəndə Sovetlər Birliyinin dağılma mərhələsi idi. Texniki Universiteti qurtaranda təyinatım “Xəzri” Elmi İstehsalat Birliyinə verilmişdi. Qeydiyyatım Bakıya olmadığına görə o vaxt qəbul etmədilər. Hərçənd o vaxt valideynlərim Ermənistandan qaçqın düşmüşdülər, bizim başqa variantımız da yox idi. Buna baxmayaraq, məni qeydiyyat məsələsinə görə işə qəbul etmədilər. Bir müddət işsiz qaldım. Amma institutda Azərbaycan Xalq Cəbhəsinin aparıcı üzvlərindən olduğuma görə AXC-nin informasiya şöbəsinin yaradılması ilə bağlı təklif gəldi. İlkin vaxtlarda Sabit Bağırov, sonra Niyazi İbrahimli ilə bu işi gördük. Hakimiyyət dəyişikliyindən təxminən 1 ay sonra Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin təqdimatı ilə Prezident köməkçisi vəzifəsinə dəvət olundum. Əbülfəz bəylə münasibətlərimiz vardı. Çünki həm institut dövründə müəyyən təmaslarımız olmuşdu, həm də ondan sonra qərargahda işlədiyimiz dövrdə bu təmaslar daha intensiv xarakter almışdı.

Nemət Hüseynli: Prezident Əbülfəz Elçibəyin köməkçisi olmaq asan idi, yoxsa AXC sədri Elçibəyin?

- Funksiyalarda müəyyən fərq olsa da, eyni insanın köməkçisi idim. Mən özüm bu işə eyni dərəcədə məsuliyyətlə yanaşırdım. Təbii ki, Prezident Aparatında işlər daha çox olurdu, yəni iş rejimimiz səhər saat 9-da başlayırdı, gecə 2-dən tez evə getmirdim. Dövr də, təbii ki, ağır idi, müharibə şəraitində işlər çox idi. İşin həcmi baxımından fərq olsa da, işə münasibətdə elə bir fərq yox idi.

Q.Yaquboğlu: Əbülfəz Elçibəyin prezidentliyindən sonra da köməkçisi oldunuz?

- Təbii. Bu vəzifə 1992-ci ilin iyul ayından başlayıb, rəhmətə gedənə qədər davam edib.

Səxavət Həmid: O cür iş qrafiki bütün işçilərə tətbiq olunurdu?

- Biz köməkçi olaraq prezidentlə işləyirdik. Onun iş rejiminə də uymalı idik. Əbülfəz bəy gecə saatlarına qədər işləyirdi. Biz də vaxtında işə gəlib onunla bərabər də işdən getməli idik. Dövlət katibi də, bir çox müşavirlər də, yüksək post tutan şəxslərin əksəriyyəti bu rejimdə çalışırdı.

Q.Yaquboğlu: Köməkçi Prezidentin ən yaxın şəxsi sayılır, onun elə sirlərindən, fəaliyyətinin elə epizodlarından xəbərdardır ki, başqa heç kəs bilmir. İndiyədək açıqlamadığınız elə bir epizod varmı?

- Təbii ki, köməkçi funksiyası köməkçisi olduğun şəxslə gündə bir neçə dəfə təmasda olmaq və çox müxtəlif bilgilərə sahib olmaq deməkdir. Ölkənin birinci şəxsi ilə işləmək o deməkdir ki, ölkədə baş verən və məlumatın cəmləşdiyi bir məkandasan. Təbii ki, burada məlumat bolluğu olur, təmaslar müddətində sirrin olması normal bir şeydir.

Nərmin Muradova: İllər keçəndən sonra da o sirri açıqlamamısınız?

- Elə şeylər var ki, onun açıqlanmasına gərək yoxdur. İctimai məna kəsb edərsə, cəmiyyətə fayda verərsə, nə isə açıqlana bilər.

Q.Yaquboğlu: Bu günlərdə Elçibəyin postunu tərk edib Kələkiyə getməsi barədə müzakirələr genişlənib. Siz həmin vaxt yanında idiniz? O günləri necə xatırlayırsınız? Prezident necə qərara gəldi ki, Bakını tərk eləsin...

- Bu gün həmin dövrlə bağlı müxtəlif fərqli fikirlər deyilir, ehtimallar irəli sürülür. Prezident Aparatında 17 iyunda saat 21.00 radələrində Etibar Məmmədov, Rəsul Quliyev və Heydər Əliyevlə görüş olmuşdu. Saat yarımdan çox çəkən müzakirələrdə baş prokurorun, daxil işlər nazirinin təyinatı ilə bağlı müzakirələr aparılmışdı. Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Oqtay Məmmədov mənim otağıma gəldi. Oqtay bəyi Əbülfəz Elçibəylə 30 illik münasibətlər bağlayırdı. Keçmiş polis işçisi olmuşdu, Xalq Cəbhəsi hakimiyyətə gələndə Oqtay Məmmədov Yasamal rayonunun polis idarəsinin rəis müavini idi. Təsadüfi bir adam da deyildi, artıq polkovnik rütbəsində gəlmişdi. Oqtay bəylə müzakirəmiz oldu. O bildirdi ki, xeyli vaxtdır onlara əməliyyat məlumatları daxil olur. Artıq Bakıda kriminogen durum da o zaman gərginləşmişdi. Keçmiş SSRİ ərazisindən qanuni oğruların, cinayətkar aləmin nümayəndələri gəlib Bakıya doluşmuşdu. Onlara da ümumi komanda verilmişdi, Bakıda aranı qarışdırmaq, terror və yağmaçılıq fəaliyyətləri həyata keçirməli idilər. Prezident Aparatı və prezident iqamətgahının atəşə tutulması, hücum təşkil olunması, prezidentin həyatına sui-qəsd təyinatı ilə bağlı əməliyyat da hazırlanmışdı. Hətta prezidentin dəfni üçün komissiya da müəyyənləşmişdi. Komissiyanın sədri belə bəlli idi. Prezidentin mühafizə xidməti bu fikirdə idi ki, ölkə başçısını Bakıda qorumaq xeyli çətinləşib, hətta imkansız hala gəlib, ona görə çıxış yolları aranmalı idi. O zaman Surət Hüseynovun dəstələri Nəvaiyə qədər gəlmişdilər, Qobustanı ələ keçirmişdilər. Elə vəziyyət yaranmışdı ki, ya Bakıda və ətrafda qalan qüvvələri toplayıb qiyamçılara qarşı dayanmaq, o zaman qan tökülməsi davam edəcəkdi, yaxud səngərin bir tərəfi boşaldılmalı idi. Vətəndaş qarşıdurmasını sovuşdurmaq lazım idi. Bunların hamısı çətin suallar idi. Mümkün qədər az itki ilə çıxış yolu tapmaq labüd idi. Eyni zamanda mühafizə probleminin aktuallığı ortaya çıxmışdı. Oqtay Məmmədovun fikri bundan ibarət idi ki, prezident Bakı şəhərindən çıxarılmalıdır. Doğrudur, o zaman Əbülfəz bəyə təkliflər olmuşdu ki, Bakı kəndlərində, konkret desək, Nardaran və ya Maştağada onun mühafizəsi təşkil olunsun, müqavimət də oradan davam etdirilsin. Əbülfəz bəy, təbii ki, bunu qəbul eləmədi. Çünki bu, o deməkdir ki, Bakı kəndləri zərbə altına qoyulur və qarşıdurma davam etdirilir. Nə qədər insanın qanının töküləcəyi heç cür proqnozlaşdırıla bilməzdi. Bugünkü Ukraynadakı duruma baxıb o günə qiyməti daha rahat vermək olar.

Q.Yaquboğlu: Bu gün də düşünürsünüz ki, həmin vaxt o təhlükə real idi?

- Təbii ki, real idi. Açığı, qüvvələr nisbəti qeyri-bərabər idi. Çünki Gəncədə baş verənlər və Surət Hüseynovun bura gələn bandit dəstəsi üzdə görünən idi. Amma Elçibəy iqtidarına qarşı duran qüvvələrin spektri çox geniş idi. Çox qəribədir ki, fərqli qüvvələrin maraqları Elçibəy iqtidarına münasibətdə birləşmişdi. Qərb dövlətlərinin marağı Rusiya ilə üst-üstə düşmüşdü. Rusiya açıq şəkildə 1993-cü ilin yanvar ayından etibarən Elçibəyin hakimiyyətdən getməsi üçün fəaliyyətə başlamışdı. Bunu heç gizlətmirdilər də. Kəlbəcərin işğalı, Surət Hüseynovun qoşunları Ağdərə istiqamətində cəbhə xəttindən geri çəkməsi də bununla bağlı idi. Kəlbəcərin işğalından sonra Kazimirovun Azərbaycan nümayəndə heyətinə açıq şəkildə “Doğrudur, Kəlbəcərin şokundan daha tez çıxdınız, toparlandınız, hakimiyyət dəyişikliyi baş vermədi, ölkədə iç qarışıqlıq düşsə, neyləyəcəksiniz” deməsi onu göstərirdi ki, Rusiya Elçibəyi hakimiyyətdən devirmək üçün çox müxtəlif variantlarla bu prosesi aparırdı.

N.Hüseynli: Rusiya, yoxsa Rusiyanın hərbi kəşfiyyatı? Çünki o vaxt Boris Yeltsinlə münasibətlər elə də pis deyildi.

- Yeltsin prezident olsa da, axı bütün siyasəti o müəyyən eləmirdi.

N.Hüseynli: Rəhmətlik Əbülfəz bəy çıxışlarında dəfələrlə Rusiyanın hərbi kəşfiyyatının adını çəkib...

- O vaxt Rusiyanın “KQB”si zəifləmişdi, daha çox “QRU” (Baş Kəşfiyyat İdarəsi) hərbi kəşfiyyatı idi. Onlar da, təbii ki, ölkə prezidenti Yeltsinin razılığını almışdılar. Bəlkə də Yeltsin istəyərdi ki, Azərbaycanla münasibətlər fərqli müstəvidə olsun. Amma onun müavini hərbidən gəlmiş insan idi, onların Azərbaycana və digər keçmiş Sovet respublikalarına münasibəti fərqli idi. Yeltsin o vaxt Rusiyadakı muxtar qurumlara da müraciət edəndə deyirdi ki, doyana qədər istədiyiniz qədər suverenliyi götürün yeyin. Amma hakimiyyət tək Yeltsindən ibarət deyildi. Rusiya dövlətinin siyasəti fərqli idi və bu siyasəti həyata keçirən önəmli qurumlardan biri də rus hərbi kəşfiyyatı idi. Rusiyanın o vaxt Azərbaycandakı səfiri Valter Şoniyanın raport şəklində məktubu vardı. Onlar Əbülfəz bəyə kod adını “Uçitel” qoymuşdular. O, açıq şəkildə yazmışdı ki, “müəllim”in Azərbaycanda apardığı siyasət ona gətirib çıxaracaq ki, iki ilə Azərbaycan tam müstəqilliyini əldə edib Rusiyadan uzaqlaşacaq və Rusiyanın təsir dairəsindən tamamilə çıxacaq, bunun da qarşısı alınmışdı. Bu, 1992-ci ilin dekabrında olan məktub idi. Təbii ki, Yeltsinin Elçibəyə bir demokrat olaraq münasibəti normal idi, amma Yeltsinlə Əbülfəz bəyin 1992-ci ilin oktyabr ayında Moskva görüşündə onlar arasındakı təkbətək danışıqda ortaya qoyulan məsələlərin, demək olar ki, heç birində razılıq əldə olunmamışdı. Konkret olaraq rus ordusunun Azərbaycanda qalmasını Əbülfəz bəy qəbul etmirdi. İkinci bir məsələ Rusiya Sərhəd Qoşunun Azərbaycan sərhədlərində yenidən yerləşdirilməsi və birgə qorunma ilə bağlı idi. Əbülfəz bəy onu da qəbul etmirdi. Xəzər dənizinin statusu, Azərbaycanın neft yataqlarının birgə işlənməsi ilə bağlı məsələnin müzakirəsində də razılıq əldə olunmadı. Bu məsələlərdə razılıq əldə olunmayandan sonra şəxsi simpatiya ola bilər, dövlətin maraqları da var axı..

N.Hüseynli: Həmin dövrdə Elçibəyə sui-qəsd olacağı ilə bağlı onun mühafizə xidmətinə Rəhim Qazıyevin mühafizə xidmətindən informasiya sızdırıldığı barədə məlumatlar da var...

- Bu, ehtimaldır. Uzun illər keçəndən sonra bu gün kimsə oturub qərara gəlir ki, hansısa informasiya sızdırılmışdı. Əvvəla, əməliyyat məlumatları bir mənbədən alınmırdı. Təhlükəsizlik xidmətinin də çox müxtəlif məlumat mənbələri olur. Məlumat alınıb təhlil olunandan sonra qərar qəbul olunur.

N.Hüseynli: Etiraf edək ki, o dövrdə həm Prezident Aparatındakı xüsusi idarədə, həm Milli Təhlükəsizlik Nazirliyində, həm də polisdə Rusiyaya bağlı adamlar işləyirdi. Hansısa məlumatların yanlış olaraq ötürülməsi mümkün idi.

- Bunu qəbul edirəm. SSRİ-dən çıxmış Azərbaycanın güc strukturlarında bu cür insanların çalışması təbiidir. Birdən-birə hamısını söküb atmağa imkan yox idi. Çünki yerinə qoyulacaq kadrlar yox idi. Ona görə də məcburi şəkildə o qüvvələrlə müəyyən müddətdə yol gedilməli, sonra milli kadrlar yetişdirilib yerləşdirilməlidir. Amma o zamanımız yox idi. Kadrlar 2 ilə, hətta 5 ilə yetişmir axı. Buna zaman lazımdır, vaxtı da qazanmaq imkanı yox idi. Qiyam nə üçün məhz iyundan o tərəfə keçirilməlidi? Bəlkə də, avqust ayına qədər bu məsələlər uzadılsaydı, qiyamın qarşısı alına bilərdi. Çünki 1993-cü ilin aprelində Türkiyədən Azərbaycana 186 nəfər hərbi mütəxəssis, təlimatçı gəldi ki, onlar Azərbaycan ordusunun nüvəsini yaratmağa başlayırdılar. İlkin olaraq 11 batalyonun 5500 nəfərin özəyin yaradılması və prosesin davam edərək 20 min nəfərlik Türk ordu sistemində, NATO sisteminə uyğun ordu özəyinin yaradılmasından söhbət gedirdi. Bunu da ruslar bilirdi. Müdafiə Nazirliyində olan rusmeylli qüvvələrin birbaşa əngəli nəticəsində bu prosesi ilk 10 ay müddətində həyata keçirə bilmədik. Türkiyə dövləti özü də bu məsələdə o qədər də qətiyyətli addımlar atmırdı. Azərbaycanın israrının nəticəsi olaraq Kəlbəcərin işğalından sonra 186 nəfər hərbi təlimatçı göndərildi. Orada da müəyyən tərəddüdlər və maneələr vardı. Türkiyənin özündə Elçibəyə böyük sevgi və hörmət olsa da, hökumətin ciddi bir qanadı Əbülfəz bəyə qarşı idi. Dövlət strukturlarında keçmişdən qalan kadrlarla işləməyə hakimiyyət məcbur idi və belə də olmalı idi. Başqa variant yox idi. Məlumatların sızdırılması və yanlış yönə yönləndirilməsini ciddi hesab etmirəm. Əbülfəz bəy getməsəydi, nə olacaqdı? Ya sui-qəsd olacaqdı, ən yaxşı halda parlamentdə toplaşıb Əbülfəz bəyin səlahiyyətlərini alacaqdılar. Surət Hüseynovmu gəlməyəcəkdi? Gələcəkdi, çünki Surət Hüseynovun arxasında tək Rusiya kəşfiyyatı deyildi, müxalifətin böyük əksəriyyətini onun arxasında toplaşmışdı.

N.Hüseynli: Amma yanvarda Surət Hüseynov Prezident Aparatına gəlmişdi və Siz onu həbs etmədiniz. Bu, Sizin ən böyük səhvlərinizdən biri hesab olunur...

- Surət Hüseynov axı orada həbs olunmalı deyildi. Onun həbsi ilə bağlı konkret göstərişlər verilmişdi , o göstərişləri isə həyata keçirmədilər.

N.Ehlamqızı: Bayaq dəfn komissiyasının rəhbərinin bəlli olduğunu dediniz..

- Bu, gizli deyildi ki. Akademik İmam Mustafayev nəzərdə tutulan komissiyanın sədri idi. Prezident iqamətgahına hücumu planlaşdırıldı. Sonda da məlum olacaqdı ki, “naməlum şəxslər” hücum edib, mühafizəçilərlə atışma olub və prezident qətlə yetirilib.

S.Həmid: Komissiyanın tərkibi kimlərdən ibarət idi?

- Bu, işin arxasında konkret olaraq Rusiya kəşfiyyatı dayanırdı. Artıq Bakı vətəndaş müharibəsinə razılaşdırılan şəhər durumundaydı. Hələ Surət Hüseynovun qüvvələri Nəvaiyə gəlib çatan ərəfədə Əbülfəz bəyin belə bir niyyəti vardı ki, Azadlıq meydanında mitinq keçirilsin və orada tankın üzərinə çıxsın, prezident olaraq müraciət eləsin, sonra oradan əks proses başladılsın. Cəmiyyətdə də, parlamentdə də əhval-ruhiyyəni dəyişib qiyama qarşı qüvvələri toparlansın və əks tədbirlər həyata keçirilsin. Fikir verin, təxribat o səviyyədə idi ki, prezidentin çıxış etmək istədiyi tankın pulemyotu çıxarılmışdı. Görün, Azərbaycan ordusunun, təhlükəsizlik qüvvələrinin tərkibində hansı səviyyədə iş getmişdi. Gəncəyə sursat yardımı göndərilirdi, məlum olurdu ki, göndərilən mərmilərin partlayıcı başlıqları yoxdur.

Q.Yaquboğlu: İyunun 17-si hansı formada cərəyan etdi? Vəziyyətin ağır olduğunu görəndə qərar necə verildi? Özünüz də təyyarədə getdiniz?

- Adaşım mənim fikrimi öyrənmək istəyirdi. Qüvvələr qeyri-bərabər vəziyyət aldı. Parlamentin sədri, baş nazir, güc nazirlikləri istefaya gedib, ən önəmlisi iyunun 13-də Rəhim Qazıyev, Etibar Məmmədov, Rəsul Quliyevin iştirakı ilə Müdafiə Nazirliyində müşavirə keçirilir, Müdafiə Nazirliyi çox qəribə bir bəyanat verir. Bildirir ki, Gəncədə baş verən hadisələr siyasi hadisədir, ordu bu məsələlərə heç bir halda qarışmayacaq. O qurum ki öz daxilində vahid komandanlığa tabe olmayan hərbi hissənin məsələsini həll etmək əvəzinə bunu siyasiləşdirirsə və faktiki olaraq ali baş komandanın əmrlərini icra etməyəcəyini bəyan edirsə, artıq məsələ bəllidir. Prezidentin qarşısında seçim vardı: ya əlində qalan son imkanları istifadə edib qeyri-bərabər döyüşdə tərəfdarını qana aparmaq və onların da məhvinə səbəb olmaq; ya da meydandan çəkilib heç olmazsa Milli Azadlıq Hərəkatında ortaya çıxmış müəyyən kəsimin həyatda qalmasını təmin etmək. Əbülfəz bəy də dedi ki, “kreslo”nu istəyirsinizsə, buyurun götürün, amma dövlət parçalanmasın. Çünki bu qarşıdurma genişlənəcəyi təqdirdə Əlikram Hümbətov artıq cənubda separatçı hərəkat başlatmışdı, şimalda Sadval hərəkatı var idi, müxtəlif bölgələrdə də proseslər aparıla, Zaqatala və Balakən zonalarında ara qarışa bilərdi. Burada siyasi qüvvənin hakimiyyətdə qalmasından daha önəmli olan dövlətin salamatlığı və onun bütövlüyünün qorunması idi. Rusiyanın planında bir neçə variantlar var idi. Surət Hüseynov, Rəhim Qazıyev, hətta Əlikram Hümbətovun hakimiyyətə gətirilməsi variantları müzakirə olunurdu. Bundan başqa, konkret olaraq Ayaz Mütəllibovun hakimiyyətə qaytarılmasından söhbət gedirdi. Əbülfəz Elçibəy, təbii ki, buna razı ola bilməzdi. Çünki Ayaz Mütəllibov o ərəfədə verdiyi müsahibəsində Azərbaycanın 11 inzibati ərazi bölgüsünə gedilməsini və federallaşmasının mümkünlüyü barədə fikirlər söyləmişdi. Bu, dövlətimiz üçün çox təhlükəli məqam idi. Heydər Əliyevin Milli Məclisə sədr seçilməsinə ona görə zəmin yarandı ki, onun dövlət təcrübəsi vardı, Azərbaycan dövlətinin öz sərhədləri daxilində qalmasını təmin edə biləcəkdi. Əbülfəz bəy Bakını tərk etmək zorunda idi və prezident iqamətgahını tərk edib çoxlarının gözlədiyi kimi, Türkiyəni yox, Naxçıvanı seçdi. Naxçıvan Əbülfəz bəyin doğulduğu məkan idi, orada Xalq Cəbhəsinin mövqeyi güclü idi.

N.Ehlamqızı: Baş nazir, spiker istefaya getmişdi, faktiki olaraq müdafiə nazirinin fərqli mövqeyi vardı. Elçibəy Kələkiyə getmək üçün komandasında kiminlə müzakirə aparmışdı?

- İsa Qəmbər, Pənah Hüseyn istefaya getsələr də, onlar prezident iqamətgahına gəlirdi, onlarla müzakirələr aparılırdı. Əli Kərimli dövlət katibi idi, müzakirə aparacaq bir qism adamlar var idi. Amma daxili işlər naziri, müdafiə naziri, milli təhlükəsizlik naziri istefaya göndərilmişdi. Təbii ki, onlarla siyasi məsələ müzakirə olunmurdu. Amma eyni zamanda güc strukturlarında bir boşluq da vardı. Güc strukturlarının şəxsi heyətinin əksəriyyəti qiyamçıların tərəfində idi. Elçibəy Kələkiyə getmək qərarını kiminləsə müzakirə nəticəsində verməmişdi. Sadəcə olaraq verilən məlumatları, edilən təklifləri, ümumi vəziyyəti analiz edib çıxış yolu tapmışdı. Əbülfəz bəyin müzakirə aparmağa nə vaxtı, düşüncəmə görə, bəlkə də, ehtiyacı yox idi. Bu məsələ məxfi şəkildə həyata keçirilməli idi. Mühafizə xidmətinin əməkdaşlarının az qismi prezidentlə hava limanına getmişdilər. Hətta onlar da onun haraya gedəcəyini bilmirdilər.

N.Muradova: Bütün bu hadisələrin fövqündə psixoloji halı necə idi?

- Bölgədə artıq qan tökülüb, hakimiyyətə qarşı qiyam qalxıb, qarşındakı qüvvə ilə sənin qüvvən arasındakı nisbət çox ciddi şəkildə dəyişibsə, insanın ovqatı necə ola bilər? Oturub ən az itki ilə vəziyyətdən çıxmaq variantı haqda düşünməlidir. Elçibəy də Bakını tərk edib bir müddət kənara çəkilmək, Milli Azadlıq Hərəkatının ortaya çıxardığı və burada yetişmiş milli qüvvəni mümkün qədər repressiyadan qorumağa çalışırdı.

N.Muradova: Bəs komandasının davranışından razı idi?

- Onu demək çətindir. Hər kəsin üzərinə düşən məsuliyyət və vəzifə vardı. Təbii ki, hər kəsdən razı olsaydı, onda vəziyyət belə olmazdı. Bu, həm dövlət, həm də komanda üçün imtahan idi. İmtahandan kimlərin necə çıxdığına cəmiyyət özü qiymət verdi. Siyasi komandanın üzvlərinin əksəriyyəti özünü səbatlı aparıb.

S.Həmid: Elçibəy hakimiyyətinin səhvini nədə görürsünüz? Hansı addım atılmışdı və ya atılmamışdı ki, o hadisələr baş verdi. 21 il keçib, yəqin, bu illər ərzində düşünməyə kifayət qədər vaxtınız olub...

- O dövrdə bir az idealizm vardı. Cəmiyyətdə Elçibəy hakimiyyəti barədə həddən artıq gözləntilər vardı. Bu gözləntiləri də qısa müddətdə həyata keçirmək də mümkün deyildi. Problemin biri bu idi. İkincisi, Əbülfəz Elçibəy hakimiyyətinin təvazökar davranışı doğru deyildi. Hər bir hakimiyyət gördüyü işlə bağlı hökmən təbliğatını aparmalı və cəmiyyətə gördüyü işlər barədə doğru və dürüst məlumat verməlidir. O zaman hakimiyyət təmsilçiləri, xüsusən də Əbülfəz bəy hesab edirdi ki, tutduğu vəzifədə gördüyü işlər onun vəzifə borcudur, cəmiyyətə bunu çatdırmaq yaxşı hal deyil. Amma zaman da göstərir ki, siz televiziyadan doğru istifadə etmirsinizsə, deməli, hakimiyyət sizinki deyil. Televiziyanın imkanlarından istifadə olunmadı. Eyni zamanda müharibə aparıb, həm də islahatlar nəticəsində əldə olunan müəyyən nəticələr barədə cəmiyyət məlumatlı deyildi və onlara doğru məlumat vermək lazım idi. Elçibəy hakimiyyətə başlayan gün Azərbaycan dövlətinin maliyyə imkanı 10 milyon rubl, onun da ekvivalenti hardasa 1 milyon dollara yaxın idi və milyon yarım dolları vardı. Üst-üstə dövlətin 2 milyon yarım dollar pulu vardı. Amma Əbülfəz Elçibəy hakimiyyəti tərk edib getdiyi gün artıq prezidentin ehtiyat fondunda 10 milyon, ümumi Milli Bankın ehtiyat fondunda 156 milyon dollar pul toplanmışdı. Üstəgəl 4 tona yaxın ləl-cəvahirat fondunda qızıl və digər ehtiyatlar toplanmışdı. Baxmayaraq ki, həmin dövrdə müharibənin bir günlük xərci aşağı-yuxarı 1 milyon dollara yaxın idi.

N.Ehlamqızı: Bir az da şəxsi həyatınızdan danışardınız. Deyəsən, cəbhəçi xanımla ailə həyatı qurmusunuz...

- Mən 1999-cu ildə ailə həyatı qurmuşam. Rəhmətlik Əbülfəz bəy də bizim toyumuzda iştirak edib. İnternetdə yayılan rəqsi də bizim toydandır.

N.Ehlamqızı: “Bəy havası” rəqsindən söhbət gedir?

- Bəli. İki qızım var, böyük qızım 8-ci sinifdə oxuyur. Bakıda yaşayırıq.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif: