30 Mart 2016 13:43
4 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının fizioterapiya və reabilitasiya şöbəsinin həkimi, tibb elmləri namizədi əzələ sistemində olan problemlərə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, həkim bildirib ki, ağrılar əsasən onurğa sütununda olan dəyişikliklərlə bağlı olur: “Əgər ev şəraitində aparılan yüngül müalicə, ilkin tədbirlər nəticə vermirsə və ağrılar iki sutkadan çox davam edirsə, artıq həkimə müraciət etmək lazımdır. Bu məsələdə mühüm olanı xəstələrə düzgün diaqnozun qoyulmasıdır.

Çünki bəzən xəstələr ara həkimlərinə müraciət edirlər və ya digər üsullardan istifadə edirlər: ağrıkəsicilər, isidici plastırlar, banka qoyulması, quluncun qırılması kimi metodlardan istifadə edirlər.

Bəzən bu, xəstəliyin daha da ağırlaşmasına gətirib çıxarır. Əgər bel ağrıları birdən-birə başlayırsa, ağrılar o qədər də şiddətli deyilsə və bundan başqa orqanizmdə heç bir problem yoxdursa və ilk dəfə yaranırsa, onda yataq rejimini gözləmək, bir sutka ərzində müəyyən ağrıkəsicilərdən istifadə etmək olar.

Amma ağrı proqressivləşirsə, ağrı ilə yanaşı digər problemlər çıxırsa – ayaq keyiyirsə, sidikdə problemlər yaranırsa, temperatur qalxırsa, onda mütləq həkimə getmək lazımdır”.

Nurlana Əliyeva deyib ki, səbəbi bilmədən qulunc qırmaq, masajdan istifadə etmək kimi üsullardan istifadə etmək olmaz:

“Daim ayaq üstündə olan və ya daimi oturaq həyat tərzi keçirən şəxslərdə, həmçinin əzələ dartınması olanların da beli ağrıya bilər. İstənilən halda çox yaxşı olardı ki, həkim müayinəsindən keçəndən sonra masaj təyin olunsun.

Yoxsa ayrı fəsadlar yarada bilər. Yırtıq və protruziya zamanı ağrıyan nahiyəyə istiliyin verilməsi, banka qoyulması xəstələrin durumunu daha da çətinləşdirir. Bu hallarda əskinə, həmin hissə soyudulmalıdır”.

Həkim hazırda aktual olan fəqərələrarası yırtığın yaranması səbəblərindən də danışıb: “Onurğa insanın dayaq nöqtəsidir, bel də bütün yükü daşıyır. Çəki çox olanda, ağır yük qaldırıb itələdikdə, bel nahiyəsinə daha çox yük düşür.

Belə olanda fəqərələrin arasında yastıq funksiyasını daşıyan, sürtünmənin qarşısını alan qığırdaqlarda deformasiyalar yaranır.

Yırtıqlar (qrıja), protruziyalar ortaya çıxır. Bundan başqa, onurğa sütununda fəqərələrin bir-birinin üzərində sürüşməsi də olur. Hər bir insanın quruluşu elədir ki, fəqərələr arıdıcıllıqla düzülüblər. Onların bir-birinə nəzərən önə, arxaya yerdəyişməsi ağrılar yaradır.

Digər səbəblərdən biri onurğa kanalında əmələ gələn stenozlardır. İnsan yaşa dolduqca, belinə düşən yükün artması fəqərələr arasındakı bağlarda qalınlaşmalar əmələ gəlir. Bu da onurğa kanalındakı sinirlərin sıxılmasına, həmin nahiyənin daralmasına gətirib çıxarır”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər