Sabah ölkənin bəzi ərazilərində 19 dərəcə isti olacaq, bəzi yerlərdə isə yağış, sulu qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə aprelin 1-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.