31 Mart 2016 15:56
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, mətbuatda Yaqub Zurufçunun Almaniyada verəcəyi konsertlərin afişalarında “Perisan Concert Proudly Presents” sözünün yazılması geniş müzakirə mövzusu olub.

Afişalar ətrafında qalmaqal gündən-günə böyüyür. Məsələ ilə əlaqədar konsertdə çıxış etməsi gözlənilən Xalq artisti tarzən Ramiz Quliyev Teleqraf.com-a açıqlama verib. O, konsertin afişaları ilə bağlı Yaqub Zurufçu qarşısında şərt qoyduğunu bildirib:

“Fars xalqı da, rus xalqı da, türk xalqı da, ümumiyyətlə, bütün xalqlar hörmətə layiqdirlər. Ancaq məsələ bundadır ki, Azərbaycan sənətkarı çıxış edirsə, orda mütləq Azərbaycan sözü olmalıdır.

Yaqub Zurufçuya konsertdə iştiraka razılıq verəndə afişaya baxmamışdım. Biləndə ki, orda "Azərbaycan" sözü yoxdur, Yaqub bəyə dedim, Azərbaycan və Azərbaycan musiqiçiləri sözü mütləq olmalıdır, yoxsa mən konsertdə iştirak etməyəcəm. Məsələ qaldırıldı ki, afişa dəyişməlidir. Onlara şərtim bu idi.

İstər Avropa, istərsə də dünyanın hansı ölkəsi olur-olsun, harada çıxış edirəmsə Azərbaycanı, vətənimi təmsil edirəm. Bu o deməkdir ki, mən musiqini də, repertuarı da dəqiqləşdirməliyəm.

Onlar mənə afişanı da, repertuarı da dəqiq göstərəcəklər, ondan sonra qərarımı verəcəm. Hələlik konsertdə iştirak edəcəyimi dəqiqləşdirməmişəm".

“Konsertin repertuarı daha oncə sizə göndərilməmişdi” sualımıza tarzən belə cavab verib: “Repertuara baxmışdım, proqramda müğənni kimi Yaqub Zurufçu, solist kimi isə Aftandil İsrafilov və mən çıxış edəcəkdim.

Konsertdə təxmini olaraq 12-15 musiqi ifa olunacaq. Çox böyük və gözəl proqramdır. Çünki konsertin repertuarına cavabdeh şəxsəm. Repertuar baxımından problem yoxdur, bircə texniki problem həll olunmalıdır”.

Konsertlərin Almaniyanın 3 şəhərində - aprelin 15-də Hamburq, 16-da Köln, 17-də isə Frankfurtda keçirilməsi nəzərdə tutulub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər