31 Mart 2016 15:28
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkmənistandakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfir Həsən Zeynalov 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri vəhşiliklər barədə danışıb, bu qanlı hadisələrin xalqın qan yaddaşında əbədi iz buraxdığını bildirib. Diqqətə çatdırılıb ki, bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan bu soyqırımı nəticəsində on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı bolşevik-daşnak hərbi birləşmələri tərəfindən qəddarlıqla qətlə yetirilib, məscidlər, məktəb binaları yandırılıb. Ermənilər bolşeviklərin köməyi ilə Quba və Şamaxı qəzalarında da amansız qırğınlar törədiblər.

Səfir qeyd edib ki, son illər Qubada aparılmış arxeoloji qazıntılar nəticəsində ermənilərin törətdiyi ağlasığmaz vəhşilikləri və bəşəri cinayətləri təsdiqləyən yeni dəlillər üzə çıxarılıb. Erməni millətçilərinin əsrlər boyu türklərə qarşı soyqırımı siyasəti həyata keçirdiyini vurğulayan Həsən Zeynalov 31 mart hadisələrinin dünya ictimaiyyəti tərəfindən soyqırımı kimi tanınmasının vacibliyini vurğulayıb, həmçinin ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdikləri soyqırımı aktları barədə məlumat verib.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edildiyini diqqətə çatdırıb.

Mərasimdə bu ölkədə məskunlaşmış soydaşlarımız, ziyalılar, iş adamları, səfirliyin əməkdaşları iştirak ediblər.


Sonda faciə ilə bağlı videoçarx nümayiş olunub.


Müəllif:

Oxşar xəbərlər