1 Aprel 2016 16:39
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər uçun vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”na dair əmr imzalayıb.

Teleqraf.com-un məlumatına görə, əmrdə ”2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Fəaliyyət Planının təsdiq olunması, aidiyyəti qurumların rəhbərlərinə tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsinin təmin edilməsi, habelə görülən işlər barəsində vaxtaşırı Səhiyyə Nazirliyinə məlumat verilməsi kimi bir çox məsələlər əksini tapıb.

Tədbirlər Planında vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin Ümumdünya Səhiyyə Təçkilatının vərəmlə mübarizə strategiyasına uyğun təkmilləşdirilməsi, vərəmli xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin müasir laboratoriya avadanlığı ilə təchiz edilməsi sənəddə qeyd olunub.

Tədbirlər Planına vərəmə qarşı dərman preparatlarının keyfiyyətinə nəzarətin təminatı, xəstəliyin profilaktikası məqsədi ilə uşaqların peyvənd təqviminə uyğun peyvəndlə əhatə edilməsi, vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələrinin spesifik sınaq vasitələri ilə təminatı, vərəm əleyhinə müəssisələrdə infeksiyaya qarşı mühafizə tədbirlərinin gücləndirilməsi, vərəm əleyhinə tibb müəssisələrinin dərman preparatları ilə davamlı təminatı və digər vacib məsələlər daxildir.

Vərəmin profilaktikası, diaqnostikası müalicəsi üzrə mütəxəssislərin hazırlanması, bu sahədə çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili kimi məsələlər də sənəddə əks olunub.

Naibə QURBANOVA


Müəllif: