Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təzə Pir məscidinin axundu Mircəfər Eyyubov cəbhə bölgəsindəki vəziyyətlə bağlı Teleqraf.com-a açıqlama verib.
Axund hesab edir ki, son günlər cəbhə bölgəsində baş verənlər ermənilərin köhnə arzularından qaynaqlanır: “Onlar elə bilirdilər ki, nə zaman hücum etsələr, bir parça torpaq alıb çəkiləcəklər. Amma Azərbaycan ordusu əvvəlki ordu deyil, bu, son üç gündə qarşı tərəfə sübut edildi”.
Mircəfər Eyyubovun sözlərinə görə, müharibə sevənin, başqasının torpağına göz dikənin, içində şeytani qüvvə olan, insanlara yalnız bədbəxtlik gətirəmək əqidəsinə qulluq edənlərin dini olmaz: “Torpaq uğrunda canını fəda edən şəhidlərə rəhmət diləyirəm”.
Axund deyib ki, QMİ-nin Qazilər Şurasından müharibə fətvası olub-olmayacağı Şeyxin qərarından asılıdır: “Bildiyim odur ki, bizdə dini dövlət quruluşu olmadığı üçün müharibə fətvası verilmir. Müharibə əmri vermək səlahiyyəti Ali baş komandana məxsusdur.
İslam ehkamına görə, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən dövlətin qanunlarına tabe olmaq hər bir müsəlmanın borcudur. Ona görə də əqidəsindən, dinindən asılı olmayaraq hər kəs dövlətin atacağı addımı dəstəkləməlidir”.
Naibə QURBANOVA