Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan sosial şəbəkədə metroda şahidi olduğu maraqlı hadisə haqda yazıb.
Teleqraf.com xəbər verir ki, partiya sədri qeyd edib: “55-60 yaşlı bir kişi metroda qapının lap yaxınlığında oturmuşdu.
Vaqona 40-45 yaşlı bir polkovnik-leytenant girdi. Ondan yaşca xeyli böyük olan mülki geyimli kişi dərhal ayağa durdu və yerini ona verdi. Lakin polkovnik-leytenant oturmadı. Aralarında yüngül mübahisədən sonra mülki geyimli kişi polkovnik-leytenantı öz yerində oturmağa razı sala bildi və bundan çox məmnun halda kövrəldi. Mən ondan soruşdum ki, yəqin Azərbaycan Milli Ordusunun son qələbələrinə görə Siz polkovnik-leytenanta yer verdiniz.
O, lap kövrəldi və dedi: “Mən ehtiyatda olan polkovnik-leytenantam, o isə döyüşən polkovnik-leytenant. Mən torpağımızı düşmənə vermişəm, o isə torpağımızı düşməndən azad edib. Mən ona yer verməliyəm”. O, cibindən dəsmal çıxarıb, gözlərindəki sevinc yaşlarını sildi. Mən onu sakitləşdirib, yalnız qələbəyə sevinərək kövrəlməyi arzulayıb, vaqondan düşdüm. Eşq olsun Azərbaycan Milli Ordusuna, əsgərinə, zabitinə və generalına!”
Kəmalə