“Masallı rayon Kalinovka kənd sakini şəhid gizir Nurlan Bayram oğlu Əsgərovun 3 mərasimindəyəm. Şəhid gizirimiz ermənilərə məxsus komanda-qərargah məntəqəsinin partladılmasında iştirak edib. Bu gün mən və deputat Nəriman Əliyev də buradayıq”.
Bu sözləri Modern.az saytına deputat Elmira Axundova şəhid gizir haqqında danışarkən deyib.
O, şəhidin qəhrəmanlıq göstərməyindən də danışıb. Bildirib ki, Nurlan doğma qardaşı ilə bir yerdə xidmət edirmiş:
“Biz bu gün şəhidimizin çox heyrətamiz və kədərli hekayəsini eşitdik. Bayram kişinin 2 oğlu var imiş. Şəhid olan Nurlan və sağ qalan İntiqam... Hər ikisi həqiqi hərbi xidməti başa vurandan sonra könüllü surətdə müddətdən artıq xidmət etməyə qalıblar.
İntiqam qardaşı Nurlanın eyni zamanda hərbçi yoldaşı olub, bir yerdə xidmət ediblər. Düşmənin komanda-qərargah məntəqəsinin parladılması zamanı şəhid olan Nurlanının meyitini qardaşı İntiqam öz çiyninə alaraq daşıyıb. Bu ürəkağrıdıcı bir hadisədir. Bu gün Masallıya Nurlanın yasına Lənkərandan, Lerikdən, Yardımlıdan, Cəlilabaddan çoxlu sayda insanlar gəlir. Şəhid gizirimiz Nurlan vətən və torpaq uğrunda canından keçib.
İntiqam qardaşını dəfn edən kimi düşməndən qisas almaq üçün ön xəttə, cəbhə bölgəsinə qayıtmaq istəyir”.
Elmira Axundova şəhid Nurlanla fəxr etdiklərini bildirərək bundan sonra onun ailəsinə nə kömək lazım olsa, edəcəklərini vurğulayıb:
“Biz şəhidimizlə fəxr edirik. Şəhidimiz Nurlanın və digər bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Mən və Nəriman müəllim, eyni zamanda rayon İcra Hakimiyyəti şəhidimizin yas mərasiminə, yeddi məclisinə , başdaşının qoyulmasına kömək edəcəyik. Bundan sonra onun ailəsinə nə lazımdırsa, yardım göstərəcəyik”.
21 yaşlı Nurlan Bayram oğlu Əsgərov aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olub. Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, doğulduğu Masallı rayonunun Kalinovka kəndində dəfn edilib.