16 İyun 2014 11:02
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 13-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

Buraxılış imtahanında 26 380 IX sinif şagirdi iştirak edib. Onlardan 1623-ü “Ana dili”, 2793-ü isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 4052-si “Ana dili”, 3530-u “Riyaziyyat” fənnindən “4”, 11730-u “Ana dili”, 9721-i “Riyaziyyat” fənnindən “3”, 8975-i “Ana dili”, 10 336-sı isə “Riyaziyyat” fənnindən “2” qiyməti əldə edib.

İyunun 13-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 20 052 XI sinif şagirdi iştirak edib. Onlardan da 2890-ı “Ana dili” 2774-ü “Riyaziyyat” fənnindən “5”, 4046-sı “Ana dili”, 4416-sı “Riyaziyyat” fənnindən “4”, 7818-i “Ana dili”, 7471-i “Riyaziyyat” fənnindən “3”, 5298-i “Ana dili”, 5391-i isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

Qeyd edək ki, TQDK iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Bu imtahanların nəticələri iyunun 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı “Azercell”, “Bakcell” və “Nar Mobile” nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.


Müəllif: