Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını yeni yaradılan Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.
Teleqraf.com-un məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsində qeyd ediləcək.
Nizamnamədə qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.
Mərkəz ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək.
Mərkəz həm də yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirəcək, imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayacaq və Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək.
Dövlət İmtahan Mərkəzi təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin qəbulunu təşkil edir.
Mərkəz tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradacaq, abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirəcək. Dövlət İmtahan Mərkəzi həm də ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirəcək.
Mərkəzin hüquqlarından biri dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək olacaq.
Mərkəzi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edəcək. Şuranın səlahiyyətlərinə bir çox məsələlər yanaşı, dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək də daxildir.