13 Aprel 2016 11:38
2 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəfat etmiş pensiyaçının dəfn xərci ilə bağlı məsələyə aydınlıq gətirib. Son zamanlar həmin məbləğdə müəyyən dəyişiklik olunduğu barədə söz-söhbət gəzirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

Prezidentin 16 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Ona görə də hazırda əmək pensiyaçısı vəfat etdikdə ödənilməli olan dəfn üçün müavinətin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində, yəni 330 manat təşkil edir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində həmçinin bildirilir ki, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün birdəfəlik müavinət həmin şəxslərə ödənilir.

Vəfat edən şəxs sosial müavinət alan vətəndaş olduğu təqdirdə dəfn üçün müavinətin ödənilməsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Həmin Qanunun 10-cu maddəsinə əsasən, müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanı ilə həmin dəfn üçün birdəfəlik müavinətin məbləği 10 faiz artırılaraq 132 manat müəyyən edilib.

Dəfn üçün birdəfəlik müavinət əmək pensiyaçısı vəfat etdikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon (şəhər) şöbələri, sosial müavinət alan şəxs vəfat etdikdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin müvafiq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən təyin olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli Əlavəsində dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün təqdim olunmalı sənədlərin siyahısı da əksini tapıb.

Bu sənədlər sırasına vəfat edən şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti, dəfn üçün birdəfəlik müavinətin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı, vəfat edən şəxsin dəfnini təşkil edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı daxildir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər