21 Aprel 2014 16:55
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

ƏLİBƏY HÜSEYNZADƏNİ YENİDƏN AZƏRBAYCANA QAYTARAN SƏRƏNCAM…

“Siz Əlibəyin yerlisisiniz…”, “Qızım, Azərbaycanlısansa Əlibəyi tanımalısan…”

Bu sözləri müsahibə öncəsi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ söhbətimizə körpü salmazdan öncə mənə ünvanladı. Dedim: ”Əlbəttə ki, tanıyıram, tanımaq da borcumuzdur. Məgər tarix elə bir dühanı yetirməsəydi, indi sizə ünvanladığım suallar arasında Turançılıq, Türk dilli xalqların günü-gündən genişlənən əlaqələrindən, dostluq və birliyimizin daha da möhkəmlənməsindən ibarət müsahibə baş tutardımı...

Belə desək, Türkiyənin Dış İşləri bakanının səmimi çöhrəsində xəfif bir təbəssüm gördüm.

Gözləməzdim ki, Əlibəy Hüseynzadənin əsərlərinin az qala hamısını adbaad sadalamaqla mənə bir xəcalət yaşadacaq. Özümə söz verdim ki, Bakıya qayıdan kimi, oxuya bilmədiklərimi də mütləq mütailə edəcəyəm.


Mən əvvəllər də Türkiyədə görüşdüyüm əksər insanlarda Əlibəy Hüseynzadəyə dərin məhəbbət hissinin müşahidə etmişdim. Ölkənin əksər şəhərlərində. O cümlədən Ankarada, İstanbulda, Əskişəhirdə ,Qahramanmaraşda ,Kayseridə, Kapadokyada, Balıkəsrdə, bir sözlə harada olmuşdumsa, “Əlibəyin yerlisini görmək bizə çox xoşdur, nəinki onunla söhbətləşmək “ fikirlərini eşitmişdim.

Türkiyənin baş nazirinin müavini olmuş, millət vəkili Mehmet Sağlamdan, AK Partidən millət vəkili Selçuk Özdağdan,Yazar- tərcüməçi İmdat Avşardan, Böyük Birlik Partiyasının genel başqanı Mustafa Desticidən,professor-doktor İlhan Elmacıdan tutmuş sıradan ziyalılaradək eyni sevgi və səmimiyyətin şahdi olduqca duyğulanır , bir türk, Azərbycan vətəndaşı olaraq sevinirdim. Bütün bunlar sanki çiynimə öhdəlik də qoyurdu.Mən Turançılıq ideyasının banisini, böyük mütəfəkkiir,istedadlı ədibi , jurnalisti, rəssamınə təbliğ etmək üçün hansı işləri görməliyəm?!

Əlibəy Hüseynzadəyə olan məhəbbət və rəğbətim beləcə, cümlələrə çevrilərək ağ vərəqlərdə sıralanirdı. Bu ərəfədə Türkiyədəki informasiyalara nəzər yetirdim. Onlar Əlibəy Hüseynzadəyə münasibətdə, diqqətdə yenə bizdən irəlidə idilər. Böyük şəhərlərdə Əlibəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilirdi. İnformasiyaları oxuyarkən qürurlanrdlm ki, nə yaxşı Turan dünyasında Türkiyə adlı dövlətimiz var. Yoxsa, vətənində vətənsizlik acısı yaşayan Əlibəyi kim bizə ərməğan edərdi. Hələ biri-birindən fundamental əsərlər yaratması üçün hansı məmləkət ona qucaq açardı?! Təsəvvürünüzə gətirirsinizmi, tərki-vətən olandan sonra cəmi bir dəfə doğma yurduna gələsən onda da qonaq kimi nəzarət altında... Nə gəzdiyini, nə gördüyünü , nə yediyini , nə içdiyini biləsən...

Yəqqin ki, xatırladınız Türkoloqların Bakıda keçirilən ilk qurultayını. Əlibəy o zaman dilimizi, türk dilini necə sevməyin, necə qormağın formulunu verdi. Indi də aliom, ziyalı, sadə vtəndaş bu ehkamlardan bəhrələnməkdədir. Onun portretinə baxarkən nurani simasında cəmlənən cizgilər sanki dilə gəlir:

"Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar…”

"Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...”

Türkçülük ideologiyasının banisi....

Bəli biz vətənimiz, torpağımız, dilimiz, birliyimiz uğrunda ömürlərini şam kimi yandıran mütəfəkkirlərimizi tanımalı və tanıtdırmaliyıq. Bu gün də həmin vətən fədaisi , ilk turançımız Əli bəy Hüseynzadənin 150 illik yubileyinin geniş qeyd edilməsi türkçülük ideologiyasının təntənəsi üçün atılan addımlardandır. Bəli, sitatlaşan fikirləri ilə bu günümüzün ilk turançısı olaraq qürur duyduğumuz mütəffəkir Əlibəy Hüseynzadə (Əli Hüseyn Turan) – böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi,XX əsr Azərbaycan-Türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri idi.Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olmuşdur. Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır.

Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirir, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışır. Ə.Hüseynzadənin fəlsəfi mühakimələri nə qədər dərin və düşündürücüdür. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Əli bəy Hüseynzadə məqalələrinin birində yazırdı:

Bizə fədai lazımdır!

Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!" Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" mətbuat orqanları tərəfindən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" – azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. Ə.Hüseynzadə həmçinin rəssamlıq Akademiyasında da təhsil almışdır və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Həqiqətin də dadı və ləzzəti var…

Əli bəy Hüseynzadə Azərbaycan xalqının milli oyanışında, əsası Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatının, islamçılıq və qərbçilik ideyalarının inkişaf etdirilməsində müstəsna rol oynayan, millətimizin islam ümmətçiliyindən islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən biridir. O, "türkləşmək, islamlaşmaq, avropalaşmaq" milli dirçəliş və milli istiqlal formulu ilə türkçülüyün siyasi məramnaməsini, elmi-nəzəri əsaslarını və milli istiqlal mücadiləsi kimi tariximizə daxil oldu "ilk turançı" "dahi mütəfəkkir", "fövqəlbəşər", "qüzey günəşi", "bütün türk dünyasının mücahidi", "türkçülüyün atası".... olaraq silinməyən izlər qoydu.

Azərbaycan ziyalıları - Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əsədulla bəy Muradxanov, Fərrux bəy Vəzirov, Adilxan Ziyadxanov, Mirzə Əsədullayev, Mustafa ağa Vəkilov və Əli bəy Hüseynzadə 1905-ci il martın 15-də Hacı Zeynalabdin Tağıyevin mülkündə yığıncaq keçirərək yerli azərbaycanlılara da mədəni, sosial-iqtisadi, siyasi hüquq və azadlıqların, o cümlədən ana dilində ümumi təhsilin verilməsinə, mətbuat və kitabların nəşr edilməsinə dair fikirlər mülahizələr edir və çətinliklə də olsa yeganə ana dilli olan "Həyat" qəzetinin nəşrinə nail ola bilirlər . "Həyat" qəzetinin sahibi Hacı Zeynalabdin Tağıyev, naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu idi. Cəmi 10 ay işıq üzü gorsə də bu qəzetin (1905-1906) Azərbaycan xalqının milli dirçəlişində, türkçülük ideyalarının yayılmasında müstəsna rolu olur. Çətinliklərə baxmayaraq Azərbaycan fədailəri mənəvi borc bildikləri vəzifələrini türkçülük ideyalarıni işıqlandırmaq üçün macdilə edirdilər.

Publisistik fəaliyyətlə yanaşı, Əli bəy Hüseynzadə pedaqoji sahəyə də xüsusi diqqət ayırırdı. Əli bəy 1908-1910-cu illərdə "Səadət" Ruhani Xeyriyyə Cəmiyyətinin Bakıda təsis etdiyi "Səadət" məktəbində əvvəlcə türk dili və ədəbiyyətı müəllimi, sonra həmin məktəbin müdiri oldu. Bu dövrdə müəllimlər işə müsabiqə yolu ilə qəbul edilirdi. Belə müəllimlərdən biri də məşhur Üzeyir bəy Hacıbəyli idi.Əli bəyin Üzeyir bəylə əməkdaşlığı və dostluğu təkcə məktəb həyatı və mətbuatla məhdudlaşmırdı. Türk-islam dünyasında ilk opera sayılan Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının Hacı Zeynalabdin Tağıyevin teatrında baş tutan ilk tamaşasının (1908) bədii tərtibatçısı, rəssamı da Əli bəy Hüseynzadə idi.Sonralar Türkiyəyə dönən Əli bəy Hüseynzadə İstanbul Universitetininin professoru kimi universitetdə pedaqoji fəaliyyətlə məşğul olur.

Onun vaxtı ilə Avropa dəyərləri ilə bağlı söylədiyi fikirlər indi də aktuallığını itirməyib: "Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Əlibəy Hüseynzadə öz milli tarixinə, mədəniyyətinə bağlı və sadiq bir şəxsiyyət kimi tarixə düşdü. Əli bəy Hüseynzadə yaşayıb yaratdığı müddət ərzində bacardığı qədər türkçülük ideologiyasını, onun əhəmiyyətini insanlara çatdırmağa çalışmışdır. Onun yaşadığı dövrdə türklər demək olar ki, öz türklüklərini unutmuşdular. Türklərin hansı mədəniyyətə, necə böyük bir tarixi keçmişə, adət-ənənələrə sahib olduqlarını öz yazıları, əsərləri vasitəsilə cəmiyyətə çatdıraraq türk olduğunu unutmuş türklərə türk olduqlarını xatırlatdı. Əlibəy Hüseynzadə təkcə türk xalqlarının tarixi keçmişini və bugününü təsvir etməklə kifayətlənməmiş həm də bununla yanaşı öz dövründə olan türk xalqları haqqında yalnış məlumat verənləri ifşa etmiş, əslində isə həqiqətin necə olduğunu elə olduğu kimi qələmə almışdır.

Ümumilikdə bütün Türk dünyası Əlibəy Hüseynzadəyə göstərdiyi misilsiz xidmətlərinə görə minnətdar olmalıdır.Türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseynzadənin xüsusi yeri var . Azərbaycanlı olduğuna baxmayaraq, Türkiyə və Türk dünyası üçün böyük fədakarlıqlar edən, Əli bəy Hüseynzadə bu günkü gənclər üçün əsl örnəkdir.Əli bəy Hüseynzadə bütün Türk dünyası üçün böyük işlər görmüşdür.Harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk gənclərinin Əli bəy Hüseynzadəni yaxından tanımasına, ondan öyrənməsinə bu gün də, gələcəkdə də böyük ehtiyac olacaq. Onun fikirləri Türk dünyasının birliyi və inkişafına çağırır.

Bütün bunlardan sonra Tanrıya dua edirəm ki, nə yaxşı bizə Əlibəy Hüseynzadə kimi şəxsiyytlər bəxş etmisən. Belə insanlar hər bir xalqın qürur payı olmaqla yanaşı mənliyi, şərəfi milli asportudur. Onlara diqqətlə və həssaslıqla yanaşmağın özü də bir öhdəlikdir. İndi prezidentimiz İlham Əliyev cənablarının sərəncamına əsasən sıralanmaqda olan tədbirlər də onu göstərir ki, Əlibəy Hüseynzadə yenidən Azərbaycana qayıdıb. Amma bu dəfə əbədi və daimi….

Gülşən BEHBUD

Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə müsabiqəsinə təqdim etmək üçündür.


Müəllif: