14 Aprel 2016 10:47
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Rusiya paytaxtında keçirilən III Moskva Beynəlxalq təhsil sərgisinin açılışında iştirak edib.

Teleqraf.com "Azərtac"a istinadla xəbər verir ki, sərgi çərçivəsində Mikayıl Cabbarov A.S.Puşkin adına Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya ilə görüşüb.

Söhbət zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq, Azərbaycanda rus dilinin tədrisi və digər məsələlər müzakirə olunub.

Marqarita Rusetskaya bildirib ki, rəhbərlik etdiyi institut Azərbaycana rus dilinin tədrisi, o cümlədən distant elektron təhsil sahəsində yardım göstərməyə hazırdır. Artıq bir neçə ildir institutun nəzdində “Rus dilində təhsil” portalı layihəsi fəaliyyət göstərir:

“Hazırda həmin layihə çərçivəsində Azərbaycandan 52 tələbə rus dilini öyrənir. Biz həmçinin nazir Mikayıl Cabbarovla Azərbaycandan olan rus dili müəllimlərinin peşə səviyyəsinin artırılmasına yardım göstərilməsi məsələlərini də müzakirə etdik”.

Görüş zamanı iki ölkə gənclərinin birgə layihələrdə iştirakından da danışılıb. Azərbaycan və Rusiya gənclərinin qarşılıqlı səfərlər həyata keçirməsi, bir-birinin dilini, mədəniyyətini yaxından öyrənməsi, ölkələrimiz arasında mədəni, iqtisadi və diplomatik əlaqələrin tarixini araşdırmasının vacibliyi vurğulanıb.

Sərginin açılış mərasimində iştirak edən Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets qeyd edib ki, Azərbaycan ilə qarşılıqlı fəaliyyət Rusiya üçün olduqca əhəmiyyətlidir. O deyib: “Biz Azərbaycandan olan həmkarlarımızla müzakirələr aparmağa, proqram mübadiləsi həyata keçirməyə hazırıq”.

Rusiya Təhsil Nazirliyi tərəfindən təşkil olunan III Moskva Beynəlxalq təhsil sərgisində ənənəvi olaraq müəllimlər, təhsil təşkilatlarının, nazirlik və idarələrin rəhbərləri, tələbələr və şagirdlər iştirak ediblər.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər