"Müəllimlərin bilik və bacarığının diaqnostik qiymətləndirməsi zamanı bir sıra problemlər aşkarlandı".
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri Elnur Əliyev nazirliyin jurnalistlər üçün keçirdiyi təlimdə deyib.
Onun sözlərinə görə, müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesində bir sıra mənfi hallar ortaya çıxıb: "2014-cü ildə Bakıda keçirilən qiymətləndirmədə 30 minə yaxın müəllimdən təxminən 6500-ü ibtidai sinif müəllimi idi. Böyük problem həmin müəllimlərlə yarandı. Çünki onlar arasında təhsil səviyyəsi aşağı insanlar daha çox idi. Həmin imtahanlarda elmi dərəcəsi olanlar belə 5-6 suala ancaq cavab yaza bilmişdi".
Elnur Əlyev deyib ki, imtahan nəticələrindən narazı qalan 3000 müəllimlə görüş keçirilib və qiymətləndirmənin əsas məqsədi onlara başa salınıb:
"Başa saldıq ki, sizinlə yanaşı, digər müəllimlərin fərqi bilinməlidir. Ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir".
Müəllimlərin keyfiyyət baxımından fərqləndiyini və məktəblərdə çox hallarda müəllimə qarşı ədalətsizlik olduǧğunu deyən şöbə müdiri əlavə edib ki, məktəblərdə 20-30 il pedaqoji stajı olanlar və yeni müəllimlər arasında fərqləndirmə vacibdir:
"Təcrübə göstərdi ki, biliyindən arxayın olanlar elə imtahanlarda da yüksək nəticə göstərir. Müəllimlərin nəticələri hər biri direktora ayrıca zərfdə verilib. Bununla da direktor müəllimləri arasındakı fərqi öyrənmiş olub".
İlhamə Əbülfət