Hec-fond (ing. "Hedge Fund") maqnatları Daniel Loeb, Lui Mur Bekon və Stiven Koenin bir çox ortaq cəhəti var. Onlar böyük sərvətlər qazanaraq kapitalda milyonlarla dollar idarə ediblər. İncəsənət və siyasi namizədlərə böyük məbləğdə investisiya qoyublar. Bundan başqa, onların hər biri gizli şəkildə vergidən yayınaraq milyonlarla pullarını qoruya biliblər.
Təxminən bir əsr içində bərabərsizliyin ən yüksək səviyyəyə çatdığı və hökumətin varlılar üzərinə daha yüksək vergilər qoyaraq vəziyyətə müdaxilə edib-etməməli olduğu ilə bağlı ictimai müzakirələrin artdığı bir şəraitdə ən zəngin amerikalılar öz sərvətlərini qorumaq üçün təəccüblü dərəcədə effektiv bir struktur maliyyələşdiriblər. Bəziləri bunu bir çox vergi manevrlərindən istifadə edən hüquqşünaslar, əmlak planlaşdırıcıları, lobbiçilər və vergi əleyhinə çıxan fəallardan ibarət "gəlir müdafiə sənayesi" adlandırırlar.
Son illər bu struktur siyasi mövqeyindən asılı olmayaraq, cənab Loeb və cənab Koen də daxil olmaqla, bütün varlı amerikalılar üçün ən güclü təsir vasitələrindən biri olub. Onların hamısı 2016-cı il seçki kampaniyası üçün ilkin maliyyəni təmin edən kiçik bir qrupa daxildirlər.
Əsasən, ictimaiyyətin gözündən kənarda - gizli qanunverici müddəalar vasitəsilə vergi məhkəməsində və Daxili Gəlir Xidməti ilə şəxsi danışıqlarda - fəaliyyət göstərən varlılar tədricən hökumətin onlara vergi qoymaq qabiliyyətini azaltmaq üçün öz nüfuzlarından istifadə ediblər. Nəticə isə yalnız bir neçə min amerikalıya xidmət göstərən bir növ özəl vergi sisteminin yaradılması olub.
Bunun onların öz sərvətlərinə kəskin təsiri olub. İyirmi il əvvəl, Bill Klintonun prezident seçildiyi vaxt Amerikanın ən çox qazanan 400 vergi ödəyicisi gəlirlərinin təxminən 27 faizini vergi olaraq ödədilər. 2012-ci ilə, Barak Obamanın yenidən prezident seçilməsinə qədər bu rəqəm 17 faizdən da aşağı düşdü. Bu isə hər iki qrup üçün əmək haqqı vergilərinin daxil edildiyi halda, ildə 100 min dollar qazanan adi bir ailənin ödədiyi göstəricidən çox da yüksək deyil.
Hal-hazırda ən böyük vergi döyüşlərindən bəziləri 2016-cı ilin prezidentliyə namizədlərinin ən əliaçıq dəstəkçiləri arasında gedir. Bunlara respublikaçıları dəstəkləyən Robert Merser, demokratları dəstəkləyən Ceyms Saymons kimi hec-fond investorları, eləcə də, respublikaçıların azadlıq yönümlü ianəçisi Ceffri Yass daxildir.
Cənab Saymonsun əsasını qoyduğu və Cənab Merserin idarəsinə kömək etdiyi "Renaissance Technologies" investisiya şirkəti hal-hazırda Daxili Gəlir Xidməti tərəfindən nəzərdən keçirilir. Səbəb isə fonda 10 il ərzində 6,8 milyard dollar qazandıran vergidən yayınma halıdır. Bu ailələrin bəziləri varlılar üzərində vergilərin artırılması cəhdlərinə kəskin şəkildə qarşı çıxmış konservativ qruplara yüz min dollarla pul da veriblər.
Prezident seçkilərində rəqabətin artdığı bir vaxtda varlı ianəçilərin nüfuzu yoxlanılır. Mühüm məsələlər Obama administrasiyası tərəfindən 2013-cü ildə yüksək gəlirli şəxslər üzərində verginin artırılması ilə bağlı verilən qərar və Daxili Gəlir Xidmətinin varlıların vergidən yayınmalarına sərt nəzarət edərək yüksək vergilərin saxlanılmasını təmin etmək təşəbbüsüdür.
Bu seçicilər üzərinə qoyulan vergilərin artırılması vədi verən Berni Sanders və Hillari Klinton kimi demokratlardan fərqli olaraq, respublikaçılar onların vergi öhdəliklərini gəlirlərinin 10 faizinə qədər böyük miqyasda azaldacaq strategiyaları genişləndiriblər.
Respublikaçı namizədlərin əksəriyyəti, eyni zamanda, vərəsəlik vergisinin aradan qaldırılması tərəfdarıdır. Bu isə yeni və köhnə varlılara öz sərvətlərini bütöv şəkildə miras buraxmaq imkanı verərək gələcəkdə bərabərsizliyi daha da artıracaq. Bəziləri isə investisiya gəlirlərindən tutulan, onsuz da güzəştlər edilmiş vergi dərəcələrinin azaldılmasını, hətta aradan qaldırılmasını təklif ediblər. Bu da, öz növbəsində, ən gəlirli vergi strategiyalarının əsasını təşkil edir.
2012-ci ildə ABŞ-da ən yüksək qazanclı 400 nəfərin hər biri orta hesabla 336 milyon dollar gəlir əldə edib. Əgər bu qədər pul adi bir amerikalı üçün olduğu kimi əmək haqqı şəklində ödənilmiş olsaydı, həmin varlı vergi ödəyicilərinin vergi öhdəlikləri iki dəfədən də çox ola bilərdi. Ancaq bu gəlirlərin çox hissəsi mürəkkəb partnyorluqlardan və yüksək investisiya fondlarından əldə edilib.
Vergilərin minimum səviyyəyə endirilməsi üzrə strategiyaların qurulmasının mərkəzində "ailə ofisləri" (ing. "Family Office") - imkanlı müştərilərin maddi və qeyri-maddi aktivlərinin idarə edilməsini təmin edən sistemlərdir.
Məsələn, Daniel Loeb Bermud adalarında yerləşən siğorta şirkətinə investisiya qoyub, bu şirkət isə həmin pulu onun hec-fonduna yatırır. Bu manevr hökumətin 40 faiz vergi tutduğu gəlirləri uzunmüddətli mənfəətə çevirir. Buna isə kapital gəlirləri deyilir və kapital gəlirlərindən birinci göstəricinin yarısı qədər vergi tutulur. Bu da cənab Loebə bu gəlir üzrə vergi ödənilməsini qeyri-müəyyən müddətə təxirə salır və onun sərvəti daha sürətlə artır. Cənab Loebin qurulmasına kömək etdiyi Bermud siğortaçısı təkcə vergidən yayınmada yox, sığorta biznesində də fəaldır.
Biznesi partnyorluq şəklində qurmaq çoxlu gəlir gətirə bilər. Varlıların gəlir əldə etdikləri partnyorluqların bəzilərinə səhmlərini xalqa satmağa icazə verilir, bu da nəzarəti əldə saxlayaraq biznesin böyük bir hissəsini nəğd pula çevirməyi asanlaşdırır. Ancaq xalqa açıq korporasiyalardan fərqli olaraq, həmin partnyorluqlar korporativ gəlir vergisi ödəmir, partnyorlar fərdi şəkildə vergi verirlər, gəlir vergiləri də olduqca azalır.
Konqres tərəfindən hansı vergi dərəcələrinin qoyulmasından asılı olmayaraq, hədsiz zəngin insanların öz üstünlüklərindən istifadə etmələri ilə ödədikləri vergi dərəcələrinin zaman keçdikcə aşağı düşdüyü müşahidə olunur.
Barak Obamanın vəzifəyə gəlməsindən 2012-ci ilin sonuna qədər əmək haqqı vergiləri istisna olmaqla, ayrı-ayrı şəxslər üzərinə qoyulan vergi dərəcələri dəyişmədi. Ən yüksək qazanclı şəxlərin ödədikləri vergi dərəcələri isə 20,9 faizdən 17,6 faizə düşdü.
Alternativ vergi sisteminin güclənməsinə kömək etmiş varlı amerikalılar bu sistemi müdafiə etməkdə aqressiv davranıblar.
Məsələn, Daniel Loebin köməyi ilə qurulmuş sığorta şirkətini təmsil edən ticarət qrupları ötən bir neçə ay ərzində vergidən yayınma ilə bağlı Daxili Gəlir Xidmətinin irəli sürdüyü qaydaların həddindən artıq ağır olduğunu iddia ediblər.
Oktyabr ayında Konqresin qəbul etdiyi büdcə planı Daxili Gəlir Xidmətinə böyük partnyorluqlardan tam ödənilməmiş vergiləri ilk dəfə olaraq şirkət səviyyəsində toplamaq imkanı verir. Ancaq yeni qaydalar nisbətən zəifdir və varlıların 2018-ci ilə qədər qüvvəyə minməyəcək bu qaydaları daha da zəiflətmək üçün kifayət qədər vaxtları olacaq.
Qeyd edək ki, əsasən, demokratları dəstəkləyən Soroslar ailəsi 2016-cı il seçki kampaniyası üçün ən az 1 milyon dollar, respublikaçıların tərəfində olan cənab Drakenmiller isə üç respublikaçı namizəd üçün 300 min dollar sərf edib.
Varlıların vergidən yayınması ilə mübarizəni başlıca prioritetə çevirən prezident Obama 2010-cu ildə aktivlərini İsveçrə banklarında və Kayman adalarında yığan amerikalıların müəyyənləşdirilməsini asanlaşdıran qanun imzalayıb.