17 İyun 2014 12:36
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Teleqraf.com bildirir ki, nəticələri əks etdirən rəqəmlər maraq doğurub.

Tam orta təhsil bazasında (9 və 11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumata görə, 9-cu sinif üzrə ümumilikdə 26380, 11-ci sinif üzrə 20052 şagird ana dili və riyaziyyatdan imtahan verib.

9-cu sinif şagirdləri arasında 8975-i ana dilindən, 10336-sı isə riyaziyyatdan “2” qiymət alıb. “5“lə qiymətləndirilənlər isə ana dilindən 1623, riyaziyyatdan 2793 nəfər olub. 5 ballıq şkala üzrə “3” qiyməti alanlar üstünlük təşkil edib. “3” alanlar ana dilindən 11730, riyaziyyatdan 9721 nəfər təşkil edir.

11-ci sinifdən 5298 məzun ana dilindən, 5391-i isə riyaziyyatdan “2” ilə qiymətləndirilib. Məzunlar arasında “3” alanlar çoxluq təşkil edir. Belə ki, məzunlardan 7818-i ana dilindən, 7471isə riyaziyyatdan “3”, müvafiq olaraq 4046 və 4416 nəfər “4”, 2890 və 2774 isə “5” qiymət alıblar.

TQDK iyunun 8-də də Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Həmin gün eyni zamanda bu şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri, habelə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsinin şagirdləri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı veriblər.

İyunun 8-i ilə 13-ü arasındakı nəticələri müqayisə etdikdə görünür ki, birinci mərhələdə iyunun 8-də 39731 9-cu sinif şagirdindən ana dili fənnindən 4808-i, riyaziyyatdan 6501-i “ 2” alıb. “5”lə qiymətləndirilənlər isə müvafiq olaraq 6728 və 9052-dir.

29869 11-ci sinif məzunları arasında ana dilindən 2 alanlar 1746, riyaziyyatdan 2674-dür, əla qiymətləndirilənlər isə müvafiq olaraq 7616 və 6943-dür.

Belə qənaət yaranır ki, rus bölməsi və məcburi köçkün məktəbləri məzunlarının çoxluq təşkil etdiyi birinci mərhələdə imtahan iştirakçılarının hazırlığı daha qənaətbəxşdir.

İyunun 18-də TQDK 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. Bu imtahanlarda ümumilikdə 38212 şagirdin imtahan verəcəyi gözlənilir.

SEVİL


Müəllif: