16 Aprel 2016 14:10
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-si dünyanın 116 ölkəsində Hemofiliya Günü kimi qeyd olunur.

Teleqraf.coom-un məlumatına görə, bu münasibətlə Naxçıvan şəhərində hemofiliyalı və talassemiyalı xəstələr üçün qanvermə aksiyası təşkil olunub.

Qanvermə aksiyası Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim, orta tibb işçiləri və texniki heyətinin iştirakı ilə keçirilib.

Donorların müayinəsini və qan götürülməsini həyata keçirən hematoloji şöbənin müdiri Xalidə Bağırova aksiyada ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb.

Qeyd olunub ki, hemofiliyalı xəstələrə dövləti tərəfindən diqqət və qayğı göstərilir. Bildirilib ki, son illərdə xəstəliyin müalicəsi və diaqnostikası istiqamətində görülən mühüm işlər, həyata keçirilən tədbirlər bu xəstələrin dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Müalicənin müasir səviyyədə təşkili nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.

Sonra səhiyyə işçilərindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə 23 nəfər könüllü olaraq qan verib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər