Azərbaycan rəqəmsal televiziya yayım standartına tam keçməyə hazırdır. Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda respublikanın 5-6 kəndi istisna olmaqla, demək olar, bütün yaşayış məntəqələri rəqəmsal televiziya siqnalı ilə əhatə olunub.
İ.Məmmədov qeyd edib ki, rəqəmsal TV siqnalının əhatə dairəsinin ölçülməsi üzrə aparılmış son monitorinqlər göstərdi ki, yalnız 5-6 kənd rəqəmsal TV ilə əhatə olunmayıb və bununla əlaqədar əlavə avadanlıq quraşdırılacaq: "Analoq yayımın dayandırılması ümumi qərardır və fikrimizcə, ölkədə rəqəmsal yayım standartına tam keçid bu ilin sonunda baş verəcək".