Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Gülsel Səfərova Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirələrə hər zaman mühüm əhəmiyyət verdiyini bildirib.
O, QHT-lərin cəmiyyətin inkişafının mühüm bir komponenti olduğunu söyləyib: "Mən özüm 10 il vətəndaş cəmiyyəti sektorunda çalışmışam. Qanunvericiliyə edilən dəyişikliklər məhdudlaşdırmağa deyil, qanunvericiliyin təkmilləşdirilməsinə yönəlib. Əgər xarici donor gəlib burda fəaliyyət göstərirsə və qeydiyyatdan keçmək istəmirsə, sual yaranır: onun burada məqsədi nədir?"
Çıxışçı ötən illər ərzində KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, Gənclər Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradıldığını, hazırda 15 müxtəlif təşkilatın QHT-lərə qrant verdiyini vurğulayıb.
G.Səfərova siyasi məhbus termininin kimlərə şamil edildiyinin anlaşılmaz olduğunu, bu terminin hər bir ölkədə müxtəlif cür qəbul edildiyini vurğulayıb:
"Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Burda belə bir fikir də səsləndi ki, Azərbaycanda böhranı mətbuat yaradıb. Azərbaycan hökumətinin təmsilçilərindən heç biri heç vaxt belə bir fikir səsləndirməyib. Azərbaycanda böhran yoxdur, bəzi iqtisadi çətinliklər var ki, aparılan iqtisadi islahatlar nəticəsində biz bu çətinliklərin tezliklə aradan qaldırılmasına nail olacağıq".
Dövlət rəsmisi keçirilən tədbirdə mətbuat işçilərinin sayının az olmasına görə hakimiyyətin ittiham olunmasının da başadüşülməz olduğunu deyib: "Əgər hansısa qurum keçirdiyi tədbirə jurnalistləri dəvət edə bilmirsə, bunun Azərbaycan hökumətinə nə aidiyyatı var, bunu anlamadım".
11:53
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Mədən Sənayesində Şəffaflıq Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev bank hesablarına həbs qoyulmuş QHT-lərin bu barədə məlumatları gizlətdiklərini bildirib.
O deyib ki, əvvəlcə cəmi 6 QHT hesablarına həbs qoyulduğunu bildirsə də, həbsin götürülməsi məsələsi ortaya çıxdıqda məlum olub ki, belə QHT-lərin sayı 18-dir.
Hazırda həmin QHT-lərdən 12-nin bank hesabından həbs götürülüb: "Cinayət işləri ilə bağlı məsələləri araşdırarkən məlum oldu ki, cəmi 1 nəfər barədə cinayət işi başlanmışdı ki, bu da Demokratiyanın Tədrisi və İnsan Hüquqları İnstitutunun rəhbəri Elçin Abdullayev idi".
Ə.Nuriyev QHT nümayəndələrinin sərhəddə yoxlamalara məruz qalmayacaqlarını da vurğulayıb.
O, QHT-lərin fəaliyyəti üçün narahatlıq yaradan məsələlərin aradan qaldlrılması məqsədilə gələn ay çox böyük forumun keçiriləcəyini deyib.
11:34
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, jurnalistlərin təhlükəsizliyi çox önəmlidir:
“Dövlət medianın müstəqil olmasında maraqlı olmalıdır. Fikir və ifadə azadlığı, jurnalistin təhlükəsizliyi çox önəmli məsələdir. Əfsuslar olsun ki, medianın iqtisadi imkanları o qədər də ürəkaçan deyil. Dövlətin yardımı medianı xilas edə bilməz, medianın özünün iqtisadi imkanları olmalıdır”.
Forumda "Azərbaycanda insan haqlarının çağdaş durumu: son dəyişikliklər və gözləntilər" mövzusunda təqdimatla çıxış edən Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva isə sonuncu əfv sərəncamı ilə bir sıra hüquq müdafiəçisi və jurnalistlərin həbsdən azad edilməsinin təqdirəlayiq hal olduğunu bildirib.
O, həbsdə qalan digər fəalların azadlığa buraxılmasına ümid etdiklərini söyləyib.
11:09
Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bildirib ki, Azərbaycan BMT-nin "Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına dair Konvensiya"ya qoşulsa da, sənədin icrası istiqamətində ciddi problemlər var.
O qeyd edib ki, konvensiya ilə bağlı hər il hesabat verilməsinin nəzərdə tutulmasına baxmayaraq sonuncu hesabat 2011-ci ildə verilib: "Bəzən QHT-ləri belə təqdim edirlər ki, sanki biz Azərbaycan adına olan hər bir mənfi hadisəyə sevinirik. Halbuki, bu, qətiyyən belə deyil. Biz ölkəmiz adına mənfi olan bir hadisəyə sevinmirik. Biz istəyirik ki, ölkəmizlə bağlı hazırkı həssas məqamlarda aparıcı mövqelərimiz heç bir halda itirilməsin".
Hazırda forumda "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev "Azərbaycanda medianın çağdaş durumu: son dəyişikliklər və gözləntilər" mövzusunda təqdimatla çıxş edir.
10:57
Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi tərəfindən "Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?" mövzusunda forum keçirilir.
Teleqraf.com xəbər verir ki, forumun açılışında çıxış edən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu forumun Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinə bir neçə il öncə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasından sonraya təsadüf etdiyini bildirib. O qeyd edib ki, forumun keçirilməsində əsas məqsəd də QHT-lərin inkişafı üçün bundan sonra nələrin etməli olduğunu müzakirə etməkdir. Q.İbadoğu QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsinin vacibliyini bildirib.
Daha sonra media hüququ üzrə ekspert Ələsgər Məmmədli "Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyət mühiti: mövcud qanunvericiliyin təhlili" mövzusunda təqdimatla çıxış edib.
Ə.Məmmədli QHT-lərlə bağlı pozitiv dəyişikliklərin davam edəcəyinə ümid etdiyini bildirib. Bununla belə, o, QHT-lərlə bağlı qanunvericiliyə ciddi dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb.
Hazırda forumda "Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın "Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: son dəyişikliklər gözləntilər" mövzusunda təqdimatla çıxışı dinlənilir.
Səxavət