Uğrunda şəhid olduğu yurdu - Cəbrayılın üzünü heç görməyib. Haqqında danışdığımız cəmi 18 yaş yaşayan İbrahimov Mahmud Azər oğludur.
Aprelin 2-də şəhid olan gənc əsgər Mahmud 1997-ci il sentyabrın 3-də Bakıda doğulub. Ailənin üç oğul övladının sonbeşiyi olub. Uşaqlığı elə dünyaya gəldiyi köhnə məktəb divarları arasında ağır şəraitdə keçib. Mahmudun ailəsi 1993-cü ildə Cəbrayıl rayonunun Sarıcallı kəndindən Bakıya məcbur köçkün gəlib. İki il əvvəl isə Mehdiabad qəsəbəsində köçkünlər üçün salınmış binaya yığışıblar. Mahmud zarafatla qardaşlarına deyirmiş ki, bu ev anamla mənimdir, özünüzə ev tapıb çıxın.
Şəhidimizi yaxından tanımaq üçün biz də həmin evə yollandıq. Məhlədə hamı şəhidin evini tanıyır, hamı ondan danışır.
Mahmudun nənəsi Gülətir Əliyeva deyir rayondan çıxanda nəvələri körpə idi, Mahmud da Bakıda doğulub: “Uşaq gözünü açandan evin içindən tutmuş bütün ölkəyədək hamının dilində Qarabağ söz-söhbəti eşidib. Təkcə Mahmud yox, elə onun tay-tuşlarının hamısının dilinin əzbəri Qarabağ olub, döyüş olub. Özündən böyük qardaşları hərbi xidmətini başa vurub gəldilər. Bu da elə həvəslənirdi ki əsgər getsin...”
“Dedi, anamı istəyirəm”
Mahmud İbrahimov ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola salınıb. Cəmi altı ay xidmət edib.
Atası Azər İbrahimov oğlunun böyük arzuları olduğunu deyir: “Özüm “çastnı” işlərə gedirəm. Deyirdi, əsgərlik bitsin, gəlib sənə kömək edəcəm. Təpədən-dırnağa arzuyla doluydu. İdmanla məşğul olurdu, böyük uğurlar qazanmaq istəyirdi. Dəfələrlə Yunan-Roma güləşi üzrə yarışların qalib olmuşdu, mükafatlandırılmışdı. Ən sevdiyi məşğuliyyəti güzgünün qabağında durub telefonla öz şəklini çəkmək idi. Özünü çox sevirdi...
Xidmət etdiyi hərbi hissədən razılıq edirdi. Zəng vuranda zarafatından qalmırdı. Sonuncu dəfə gülə-gülə qardaşına dedi, mən gələnə kimi özünə ev tap, gəlib evlənəcəm, ev mənimdir. Bütün arzuları yarımçıq qaldı…”
Evin bir küncü Mahmudun uğurlarının simvolları - medalları, diplomları ilə bəzədilib.
“Bu qədər arzuları olsa da, həvəsli görünsə də qayıtmağa ümid yeri qoymamışdı. Facebookda sonuncu yazdıqlarına baxıram, elə bil ona əyan olubmuş nəsə. Son statusunda belə yazıb: “Siz sağ, mən salamat”. Şeirlər paylaşıb hamısı kədərli…” – deyir atası.
Ailəsi Mahmudla sonuncu dəfə mart ayında – ilaxır çərşənbə ərəfəsində görüşüb, bayram payı aparıblar. Əvvəlcə zəng vurub getmək istədiklərini deyəndə Mahmud anasının da gəlməsini istəyib: “Dedi, anamı istəyirəm, mütləq gəlsin görüm onu. Nə yaxşı ki, getdi, anasını da gördü. Evin sonbeşiyi idi deyə çox bağlıydı anasına. Həmişə deyirdi, səni özüm saxlayacam. O biri qardaşlarından ayırırdı anasını. Sonuncu görüşdə də onu istədi. Elə bil hiss eləmişdi.
Durub ayrılanda dedi, gəlin halalaşaq. Zarafatla dedi bunu, amma tez-tez təkrarlayırdı. Martın 29-da sonuncu dəfə zəng vuranda da ona oxşar söz dedi”.
“Ailədən gizlədirdik”
Sonuncu dəfə evlərinə martın 29-da zəng vuran Mahmud hər şeyin yaxşı olduğunu deyib: “Dedi, məndən arxayın olun, hər şey yaxşıdır. Sonra eşitdik ki, cəbhədə vəziyyət gərginləşib. Aprelin 1-də bildik ki, döyüş bölgəsindədir, zəng çatmır. Sonra nə öldüsündən, nə də qaldısından xəbərimiz oldu. Axtarışa başladıq. Hospital, xəstəxana… Harada yaralı var, hamısına baş çəkdik, gördüm deyən olmadı”.
Bu yerdə söhbətə ailənin yaxını Rəşadət Lətifov qoşulur: “Həmin gün Mahmudun şəhid olduğu artıq məlum idi bizə, çünki nə yaralılar içindəydi, nə də əlaqə qurmaq mümkün idi. Sadəcə ailədən gizlədirdik ki, heç olmasa nəşini tapaq, sonra deyək. Bilsəydilər həlak olub, üstəlik, meyiti də yoxdur, bu, ailəyə ikiqat zərbə olardı. Beş gün gecə-gündüz qohumlar hamısı sərhəddə Mahmudun nəşinin tapılacağını gözlədi”.
“Yenə ümidliydik…”
Şəhidin atası ən ağır günlərinin məhz həmin beş gün – Mahmuddan hər hansı xəbər ala bilmədikləri günlər olduğunu deyir: “Tapa bilmirdik. Deyirdilər, bəlkə ön cəbhədədir, hələ döyüşür. Belə bir neçə gün keçdi. Aprelin 8-i səhər tezdən neytral ərazidən meyitinin götürüldüyünü dedilər. Təxmin edirdik ki, şəhid olub, amma yenə də ümidliydik”.
Mahmudun yarası elə də öldürücü olmayıb, ancaq qollarından qəlpə yaraları alıb: “Qanaxmadan öldüyünü dedilər. Güllə yarası yox idi bədənində, qollarında qəlpə izləri vardı. Yaralanandan sonra neytral ərazidə qalıb, çox güman ki, qan itirib deyə dünyasını dəyişib.
Amma o vəziyyətdə döyüş yoldaşlarına kömək edib. Xeyli yaralını xilas edib, bir neçə meyidi çıxarıb döyüş meydanından, amma özünə kömək edə bilməyib.
Həmişə deyirdim, özünü qoru, səngərdə ehtiyatlı ol, çox qabağa atılma. Yaşının az olmasına baxmayaraq, iradəli idi, saf idi. İradəsi imkan verməyib geri çəkilsin”.
“Mahmuddan gözlədiyimiz elə bu idi”
Ailənin yaxını Rəşadət Lətifov döyüş yoldaşlarına istinadla deyir ki, Mahmuda yaşının az olduğu üçün döyüşə girmək qadağan olunsa da, o, buna əhəmiyyət verməyib: “Sözün düzü, bizim Mahmuddan gözlədiyimiz də elə bu idi. O qədər saf, dürüst uşaq idi ki... Burada gözümüzün qabağında böyüyüb, bütün xasiyyətinə bələdəm Mahmudun.
Yaralansa da, vəziyyətinin pis olduğunu görsə də, döyüşdən çıxmayıb. Yaşadığımız bu kompleks təxminən iki ildir istifadəyə verilib və Mahmud bu məhlənin ilk şəhididir. Çox istəyirik ki, bu yaşayış kompleksinə şəhidimizin adı verilisin. Bütün qonşular, yaxınlar adından deyirəm bunu. Hamımız razıyıq”.
“Sağdı, qayıdacaq…”
Şəhid Mahmud İbrahimov Zabratda dəfn olunub. Atası deyir dəfn üçün hətta Şəhidlər Xiyabanını təklif ediblər, razı olmadıq: “Zabrat qəbirstanlığında - anamın yanında dəfn olundu. Dəfn günü elə bir izdiham oldu ki burada. Tanıdığımız-tanımadğımız o qədər adam gəldi ki... Adına layiq götürdülər oğlumu.
Valideyn olaraq övladımızı itirmək çox ağırdı bizə. Gənc idi, nə qədər yarımçıq arzuları qaldı. Amma nə qədər şərəfli ömür yaşadığını da bilirəm.
Özüm dəfn eləmişəm, görmüşəm, amma heç inanmıram olanlara. Xəyal kimi gəlir mənər. O qədər əminəm ki, dönəcəyinə. Yəqin məni toxtaq tutan elə bu hissdir. Allah mənə inam verib. Özlüyümdə tam əmin olmuşam ki, sağdı, qayıdacaq. Yoxsa yaşaya bilmərəm…”
Evdə diqqətimizi çəkən Mahmudun müxtəlif formada böyüdülmüş şəkilləri, şəkil albomudur. Atası deyir, sinif yoldaşları hazırlayıb. Amma bir qız var ki, Mahmuda münasibəti fərqlidir. Albomu da o düzəldib gətirib, özü ilə şəkilləri var orada…
Hamı danışdı. Mahmudun 18 ilə sığan ömründən xatirələrini bölüşdü. Amma söhbət başlayandan bitənə kimi gözünün yaşı dayanmayan, Mahmudun hamıdan çox sevdiyi anası bir kəlmə deməyib susdu…
Naibə QURBANOVA
Fotolar Elçin Muradındır