Gənclər və idman naziri Azad Rəhimov Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun dəvəti ilə bu ölkədə səfərdədir.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində nazir Yunanıstanın Mədəniyyət və İdman Nazirliyində görüşdə olub.
Görüş zamanı idman sahəsində müqavilə-hüquq bazasını gücləndirmək məqsədi ilə Yunanıstan tərəfinin təqdim etdiyi “Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Yunanıstanın Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Memorandumun yekunu olaraq iki ölkə arasında idman və Olimpiya hərəkatı sahəsində mübadilələr inkişaf etdiriləcək.
Bu gün nazir Azad Rəhimov Braziliyada keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunları üçün olimpiya məşəlinin alovlandırma mərasimində iştirak edəcək.
Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülür.
İlhamə Əbülfət