25 Aprel 2016 18:35
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda təhsil naziri Mikayıl Cabbarov bildirib ki, əmək bazarına çıxan ixtisasların 80 faizə yaxını 2025-ci ildə mövcud olmayacaq.

Nazirin sözlərinə görə, avtomatlaşdırıla bilən bütün ixtisasların azalması dünya iqtisadiyyatında gedən trenddir: “Yüksək texnoloji inkişaf və sürətli dəyişikliklər dövründə yaşadığımız vaxtda biz bir çox ixtisasların hətta ləğv olunmasını görürük. Əminəm ki, xarici biznes səfərlərə gedərkən səyahət agentliklərinin xidmətlərindən daha az istifadə edirsiniz. Çünki bütün bu kimi xidmətlər artıq elektronlaşıb və hər hansı vasitəçilərə ehtiyac qalmır”.

Nazir ixtisasların ləğvindən ümumi danışıb, konkret hansı ixtisasların sıradan çıxacağına aydınlıq gətirməyib.

Teleqraf.com-un hansı ixtisasların ləğv olunacağı ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı sorğusuna cavabda bildirilib ki, bu məsələyə yanaşmada aparılan müvafiq araşdırmalar, zamanla ixtisasların dəyişməsi və təkmilləşməsi təcrübəsi əsas götürülür.

Təhsil eksperti Nadir İsrafilovun fikrincə, bəzi ixtisaslar artıq öz aktuallığını itirib: “İxtisaslarda müəyyən paralellik var. Eyni universitetlər eyni ixtisasları keçirlər. İxtisasların 80 faizi olmasa da 70 faiz ixtisara düşməsi gözlənilən prosesdir. Eyni zamanda yeni ixtisas sahələri də yaranır”.

Nadir İsrafilovun sözlərinə görə, bütün ixtisaslar arasında seçim aparılacaq: “Dünya təcrübəsi ilə müqayisədə bizdə humanitar ixtisaslara meyl daha güclüdür.

Bütün dünya üzrə elmi kəşflər kimya, fizika, biologiya, İKT üzrə daha çoxdur. Bu gedişat Azərbaycana da təsir edəcək.

İkincisi, nazirin söylədikləri hələ proqnozdur. Fikrimcə, kənd təsərrüfatı sahələrinə aid ixtisaslar saxlanacaq, çünki bu sahə batıb gedir. Mexanizasiya, aqronomluq və bu tipli ixtisaslar daha ön plana çəkilməlidir. İxtisaslaşma məsələsi ciddi məsələdir. İnsanlar düşünməlidir ki, hami diplomat, hüquqşünas ola bilməz”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər