25 Aprel 2016 18:41
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu gündən etibarən başlayan peyvənd həftəsi aprelin 30-dək davam edəcək. Səhiyyə naziri Oqtay Şirəliyev “Respublikada immunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalayıb.

Əmrdə respublikanın bütün şəhər və rayonlarında immunlaşdırma həftəsinin keçirilməsi, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların immunlaşdırma həftəsi ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır.

İllərdir müzakirə olunmasına baxmayaraq, hələ də cəmiyyətdə uşaqların peyvənd olunması (aktiv immunizasiya) ilə bağlı fikir ayrılıqları var. Xüsusən bu mövzuda valideynlərlə tibb işçiləri ortaq məxrəcə gələ bilmirlər.

20 saylı uşaq poliklinikasının sahə üzrə pediatrı Ətrabə Həsənova deyir ki, hər peyvənd mövsümündə narazılıqla, valideynlərin təpkisi ilə qarşılaşırlar: “Son illər bu narazılıqlar daha da artıb. Valideynləri inandıra bilmirik. İnternetdən hərə bir məlumat oxuyub gəlir üstümüzə ki, baxın filan yerdə yazılıb peyvənd olmaz. Sovet dönəmində çox vaxt uşaq məktəbdə peyvənd olunandan sonra valideyn xəbər tuturdu. İndi peyvəndə etiraz etmək dəb düşüb”.

Müsahibimiz deyir ki, əsas çətinlik peyvənd olunmayan uşaqların infeksion xəstəliklərə yoluxmasından sonra başlayır: “Uşaq qızılca, məxmərək, suçiçəyinə yoluxan kimi müraciət edirlər. Xəstəlik tarixçəsinə baxanda məlum olur ki, peyvəndlər olunmayıb. Bu da o deməkdir ki, uşağın xəstəliyi ağır keçirməsi qaçılmazdır”.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyevanın sözlərinə görə, peyvənd sayəsində uşaqlar bir çox xəstəliklərdən qurtulur. Mütəxəssis peyvəndin uşaqlarda fəsadlara yol aça biləcəyi fikri ilə razılaşmır: “Əksinə, peyvəndlərarası intervalı artırmaqla immunitetin lazımı səviyyədə yaranmasına maneə törətmək olar. Eyni zamanda, uşaq bu müddət ərzində yoluxucu xəstəliklərə qarşı müdafiəsiz qalar və yoluxma təhlükəsi artar”.
Əksər pediatrlar peyvəndləşmədən imtina edən valideynlərin uşaqlarını böyük risk altına saldığına deyirlər.

Kimlər peyvənddən imtina edə bilər?

Sovet dönəmində peyvənləmə məcburi sayılırdı və uşaqların peyvənd olunması onların sağlamlığının qorunması baxımından strateji əhəmiyyətli ümumdövlət kampaniyası hesab olunurdu. Bu səbəbdən valideynlərə imtina hüququ verilmirdi. Amma indi qanun nisbətən sadələşib. Valideynlər könüllü imtina ərizəsi yazmaqla peyvənddən imtina edə bilərlər.

Son illər peyvənddən imtina uşaqlarda autizm xəstəliyinin yaranmasına səbəb olması firkindən sonra yaranmağa başlayıb. Amma bu xəstəliyin də müxtəlif səbəblərinin olduğu üzə çıxsa da, peyvəndə inam yaratmaq çətinləşib.

Bu mövzuda araşdırma aparan tibb müəssələrində istehlakcı hüquqlarının müdafiə komissiyasının sədri Əhməd Rəhmanov deyir ki, 1992-ci ildə “American Journal of Epidemiology” jurnalında bir necə alimin apardığı elmi tədqiqatlarin nəticəsinə görə AKDS peyvəndi vurulmuş uşaqlarda ömrünün ilk 3-cü günündə ölənlərin sayı, peyvənd vurulmayanlardan 8 dəfə cox olub.

Dunya üzrə 80-ə yaxın elmi işiylə tanınmış həkim Mark Sirkusdan sitat gətirən Əhməd Rəhmanov deyir ki, peyvəndlərlə bağlı əsas problemlər 1992-ci ildən sonra başlanıb: “Bir çox farmakoloji şirkətlər vaksinlərin ucuz başa gəlməsi naminə onların tərkibindəki konservantların miqdarını 2 dəfə artırdılar. Düzdür, Dünya Səhiyyə Təşkilatı buna etiraz etdi, amma sonralar bu göstəricilərin 3-cü dünya ölkələr ücün məsləhətli olduğu bildirildi. Yəni avropalı üçün zərərli hesab olunan bir məhlul 3-cü dünya ölkələri üçün ziyanlı deyil. Bu o deməkdir ki, Dünya Səhiyyə Təşkilatı ikili standartlara yol verərək bizim kimi ölkələrdə yaşayan insanları avropalılardan aşağı tutur”.

15 peyvənd və onların alüminiumlu təsiri

Əhməd Rəhmanov bildirir ki, peyvəndlərin fəsadları oglanlarda zehni problem yaradır, qızlarda isə göz damarlarına əngəllər törədir. O, deyir ki, doğulandan 6 yaşına qədər olan uşaqlar ümumilikdə 15 peyvənd (revaksinası ilə birlikdə) və 2 mantu sınağı qəbul edir ki, bu peyvəndlərin tərkibində olan alüminium da müxtəlif xəstəliklər yaradır. Yenə də əsasən sinir sistemini dərindən zədələyir. Ekspert buna misal olaraq, son illər çox rast gəlinən alsqeymer və parkinson xəstəliklərini vurğulayır.

Peyvənd "yağışı"

Peyvəndlər uşaq doğulduqdan sonra doğum evində vurulmağa başlanır.

İlk 12 saat ərzində hepatit B əleyhinə (HepB) peyvənd, 4-7 gün ərzində vərəm əleyhinə (BCJ) və poliomielit əleyhinə (OPV) peyvəndlər, 2 aylıqda poliomielit (OPV1), pnevmokok (Pk1) və difteriya, göyöskürək, tetanus, b-tipli hemofil infeksiya və hepatit B əleyhinə (GDTHibHepB1) peyvəndlər, 3 aylıqda poliomielit (OPV2) və difteriya, göyöskürək, tetanus, b-tipli hemofil infeksiya və hepatit B əleyhinə (GDTHibHepB2) peyvəndlər, 4 aylıqda poliomielit (OPV3), pnevmokok (Pk2) və difteriya, göyöskürək, tetanus, b-tipli hemofil infeksiya və hepatit B əleyhinə (GDTHibHepB3) peyvəndlər, 6 aylıqda pnevmokok əleyhinə (Pk3) peyvənd, 12 aylıqda qızılca, epidemik parotit, məxmərək əleyhinə (QPM) peyvənd, 18 aylıqda difteriya, göyöskürək, tetanus əleyhinə (GDT) və poliomielit əleyhinə (OPV) peyvənd və 6 yaşda qızılca, epidemik parotit, məxmərək əleyhinə (QPM), difteriya və tetanus əleyhinə (DT) peyvənd vurulmalıdır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər