27 Aprel 2016 10:18
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovinada-Sarayevo şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, 25-26 aprel tarixlərində keçirilən və 43 ölkədən EFJ-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Hənkarlar İttifaqı iştirak edib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə AFJ-nin təşkilati məsələləri həll edilib, növbəti 3 il üçün qurumun prezidenti, vitse prezidenti və idarə heyətinin üzləri seçiliblər. AFJ prezidenti postunu yenidən Moqan Bliçer tutub.

Daha sonra Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb. Müzakirələrin gedişinə ATƏT-in media ofisinin rəhbəri Dünya Miyatoviç olmaqla, beynəlxalq dövlətlərarası təşkilatların aidiyyatlı ofislərinin təmsilçiləri də qatılıblar: “Çıxışlarda qeyd edildi ki, Avropa qitəsində media sahəsində önə çıxan problemlər və yeni çağırışlar sonradan örnək olaraq çox sürətlə digər ərazilərə də yayılır və qloballaşır. Bu baxımdan qitə ərazisində meydana çıxan problemlər operativ şəkildə həll edilməlidir ki, sonradan kütləviləşməsin”.

Qitənin media sahəsində problemləri isə kifayət qədər çoxdur. Xüsusi olaraq Balkan ölkələrində medianın dərinləşməkdə olan maliyyə sıxıntıları, jurnalistlərin sosial durumlarının pisləşməsi, həmçinin, burada media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklər narahatçılıq doğurub. Müzakirələrin sonucunda Yunanıstanda əmək durumlarının pisləşməsinə etiraz edən media təmsilçiləri ilə həmrəylik nümayiş etdirən bəyanat qəbul edilib. Bəyanatda, həmçinin, ümumilikdə Balkan ölkələrində media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklərin aradan qaldırılmasına çağırış ifadə edilib.

Polşada ictimai yayım haqqında qanuna antidemokratik maddələrin əlavə edilməsi də ciddi müzakirə mövzusu olub. Toplantı adından qəbul edilən bəyanatda qeyd edilib ki, Polşa qanunvericiləri ictimai yayım haqqında qanuna yenidən baxmalı, ictimai yayım sektoruna hökumətin müdaxiləsinə şərait yaradan maddələr qanundan çıxarılmalıdır.

Türkiyədə jurnalistlərin həbsi prosesi də qınaq obyektinə çevrilib. Toplantı adından prosesə etiraz edən bəyanat qəbul edilib.

Rusiyada jurnalistlərin və ümumilikdə medianın çərçivəyə salınması, həmçinin, Rusiya silahlı qüvvələri tərəfindən nəzarətə götürülən Ukrayna torpaqlarında jurnalistlərin fəaliyyətinə imkan verilməməsi müzakirə edilib. Toplantı adından bu durumu pisləyən bəyanat qəbul edilib.

Onlayn medianın inkişaf etməsi ilə ənənəvi medianın geriləməsi, bununla da peşəkar jurnalistikanın yerində “həvəskar jurnalistikanın” oturuşması, etik jurnalistika prinsiplərinin sıxışdırılması mövzusuna xüsusi yer ayrılıb. Peşəkar jurnalistika prinsiplərinin qorunub inkişaf etdirilməsi üçün təkliflər müzakirə edilib.

Toplantının gedişində ciddi müzakirə edilən mövzulardan biri də jurnalist təhlükəsizliyi olub. Həbslər, təqiblər, ölüm halları ilə yanaşı, münaqişə bölgələrində jurnalist fəaliyyətinin çətinləşməsi xüsusi qeyd edilib.

JuHİ sədri toplantıda Azərbaycanda medianın durumu, jurnalistlərin təhlükəsizlik məsələləri barədə məruzə edib. Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının yenidən bərpa edilməsinə diqqət çəkən Müşfiq Ələsgərli, 90-cı illərdən başlayaraq, münaqişə bölgəsində Azərbaycanın ondan artıq jurnalistinin həyatını itirdiyini qeyd edib. O, son günlərdə münaqişə bölgəsində jurnalistlər üçün təhlükəsizlik probleminin yenidən qabardığını önə çəkərək, ATV əməkdaşının yaralanmasını misal göstərib. Toplantı iştirakçıları məlumatdan narahatlıqlarını ifadə edərək, münaqişə bölgələrində fəaliyyət göstərən və tanınma nişanı ilə fərqlənən jurnalistlərə atəş açılmasını pisləyib.

Nemət


Müəllif: