27 Aprel 2016 16:37
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar kəskin bahalaşan məhsullar sırasında ilk yerdə kosmetika və parfümeriya məhsulları dayanır. Xüsusən pərakəndə satış şəbəkələrində qiymətlər 50-70, hətta bəzi məhsullarda 100 faizədək artıb.

Bundan əlavə, kosmetika və parfümeriya satışı ilə məşğul olan iri mağazalarda endirim kampaniyaları, bonus aksiyaları da dayandırılıb. Səbəblər sırasında həmin məhsulların dollarla idxalı, dolların məzənnəsinin isə qeyri-stabil olması göstərilir. Mağaza rəhbərləri dolların kursuna arxayın olmadıqları üçün ancaq qiymət siyasətini tənzimləməklə məşğul olur, digər aksiyalara pul xərcləməyə ehtiyat edirlər.

Qiymət siyasəti isə artan xətlə davam etməkdədir. Dırnaq və dodaq boyası, kirşan, ənlik, kremlər, ətirlər və bunun kimi bir çox kosmetik məhsulların qiymətində ciddi artım müşahidə olunur. Satıcıların sözlərinə görə, hətta elə məhsullar var ki, onların qiyməti 2, hətta 3 dəfə bahalaşıb.

"İnsanlar parfümeriyaya ikinci dərəcəli məhsul kimi yanaşır"

Xüsusilə, ölkənin iri parfümeriya və kosmetika məhsullarının satışı ilə məşğul olan mağazalarda qiymətlərdə hiss olunacaq dərəcədə artım var. Məsələn, əvvəllər 65 manata satılan 25 ml-lik “Bvlgari Jasmin” ətiri hazırda 90-100 manatadır. 50 ml-lik “Mon Jasmin Noir” ətiri 80 manata idisə, hazırda 150 manat civarındadır.
Qiymət artımını parfümeriya və kosmetika şirkətlərinin özləri də etiraf edir.

“Golden Rose Cosmetics” firmasından bildirdilər ki, bəzi məhsulların qiymətində həqiqətən dəyişiklik edilib. Şirkətdən bahalaşmanı devalvasiya və məhsulların istehsalına sərf olunan maddələrin qiymətinin dünyada yüksəlməsi ilə izah edtilər: “Yəni, devalvasiya olmasaydı da qiymət artımı qaçılmaz idi. Çünki istifadə edilən maddələrin qiyməti qalxıb. Üstəlik dolların kursu da buna təsir etdiyi üçün bəzi məhsulların qiymətində yüksəkfaizli artım oldu”.

“YVES-ROCHER”in Azərbaycan nümayəndəliyindən də oxşar cavab aldıq: “Qiymətlərimizdə cüzi artım var. Amma satışa təsir edən yeganə amil bu deyil, ümumi vəziyyət ürəkaçan hesab edilmir. Hamıya məlumdur ki, parfüm həyatı vacib məhsul deyil. Ona görə əksər insanlar buna pul xərcləməli ikinci dərəcəli məhsul kimi yanaşır. Bu da təbii ki, satışa təsir edir”.

95 faizlik səbəb

İqtisadçı Ramil Osmanlı deyir ki, qiymət bahalığına əsas səbəb kosmetik məhsulların 95 faizinin ölkəyə xaricdən idxal olunmasıdır: “Elə məhsullar var ki, müəyyən hissəsi Azərbaycanda istehsal olunur və indiki situasiyada onların qiymətinə nəzarət etmək olur. Amma o məhsul ki, xaricdən idxal olunur və onun ölkədə alternativi yoxdur, o məhsulların qiymətində artım daha çox müşahidə olunur. İdxal olunan məhsullara aksiz rüsumlarında yeniliyin tətbiq olunması və digər səbəblər də kosmetik məhsulların qiymətinə digərlərinə nisbətən daha çox təsir edir”.

İnhisarçılıq amillərinin olduğunu da əsas gətirən ekspert dövlətin müdaxiləsini vacib sayır: “Düzdür, indiki zamanda bu sahibkarlığa müdaxilə kimi qiymətləndirilə bilər. Lakin yadımıza salaq ki, bir müddət əvvəl siqaretin qiymətində də oxşar vəziyyət müşahidə olunurdu, amma hökumətin müdaxiləsindən sonra vəziyyət qismən də olsa qaydasına düşdü.

Analoji tədbiri kosmetika bazarında da aparmaq lazımdır. Əks təqdirdə vəziyyət olduğu kimi davama edəcək”.
Kosmetika bazarındakı mövcud vəziyyətdən qazananlar da az deyil. Onlar saxta ətir istehsalçıları və satışı ilə məşğul olanlardır. Orijinal adına saxta kosmetik məhsul, xüsusən ətir satılanlar kifayət qədərdir. Aldanmamaq üçün ən sadə üsulun sirrini deyirik. Aldığınız ətirin barkodunu istənilən internet brauzerin axtarış yerinə yazın, həmin ətrin adı çıxarsa, aldanmadığınıza əmin ola bilərsiniz.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər