28 Aprel 2016 15:38
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 22-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iqlim dəyişiklikləri ilə bağlı tarixi Paris sazişinin imzalanma mərasimi keçirilib. Sənədi 171 ölkənin dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıblar.

BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris razılaşmasını Azərbaycan Hökuməti adından Prezident İlham Əliyevin tapşırığı ilə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

Razılaşmanın müddəları BMT-nin iqlim dəyişmələri üzrə çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında Parisdə qəbul edilib. Sənəd ekoloji cəhətdən davamlı gələcəyə yol açır və qlobal temperaturun selsi ilə 2 dərəcə səviyyəsində saxlanmasını vəd edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev Teleqraf.com-a Paris sazişinin əhəmiyyətindən danışıb.

İsa Əliyevin sözlərinə görə, bu razılaşma bütün bəşəriyyəti əhatə edən sənəddir: “Eyni zamanda çox mürəkkəb bir sazişdir. Çünki iqtisadiyyatın bütün sahələrinə toxunur. Hər dövlət öz üzərinə konkret məsuliyyət götürüb ki, qlobal iqlim sistemini gələcəkdə qoruyub saxlaya bilək. Bu sazişdə əsas və tarixi məsuliyyəti inkişaf etmiş ölkələr daşıyır.

Bura Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, İngiltərə, Yaponiya kimi ölkələr daxildir. Həmin dövlətlər inkişaf etməkdə olan ölkələrə texniki və maliyyə yardımı ayırmalıdırlar ki, qlobal iqlim sisteminin dəyişməsinin qarşısını ala bilsinlər”.

Razılaşmanı imzalamış ölkələrin təqdim etdikləri milli töhfələr üzrə araşdırmalar göstərir ki, öhdəliklər yerinə yetirilsə belə, qlobal temperaturu 2 dərəcədən aşağıda saxlamaq mümkün olmayacaq. Nazirlik rəsmisinin sözlərinə görə, temperatur 3 dərəcə selsiyə kimi arta bilər: “Razılaşmada əlavə bəndlər var ki, üzv ölkələri əlavə tədbirlər həyata keçirməyə çağırır. Bu çağırışda heç olmasa temperatur artımını 2 dərəcə selsidən aşağıda saxlamaq öhdəliyi var”.

İsa Əliyev qeyd edib ki, hazırda dünyada inkişaf temperaturun 4-5 dərəcə artım trayektoriyası ilə baş verir: “Çünki bu sahədə yetərli dönüş hələlik müşahidə edilmir. Azərbaycan öz üzərinə öhdəlik götürüb ki, 1990-ci illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz tullantılarını 35 faiz azaldaq. Azərbaycan kiçik dövlətdir, bizim tullantılar dünyadakı tullantıların mində bir hissəsi deyil”.

Şöbə müdirinin sözlərinə görə, neft, kömür indiyə qədər bəşəriyyətin müəyyən rifahına çatmasında misilsiz imkanlar yaratsa da, artıq bu era bitib : “Dünya ənənəvi inkişafı ilə davam edə bilmir. Əks halda, yəni belə davam etsə dünya fəlakətə gedir. Paris Razılaşması ona görə qəbul olundu ki, gözlənilən fəlakətləri nisbətən azalda bilək. Neft, qaz ölkəsi kimi bu, Azərbaycanın milli maraqlarına müəyyən qədər uyğun gəlməsə də, dünya birliyinin gələcək inkişafının başqa alternativ yolu yoxdur. Biz də öz tədbirlərimizi görməliyik və daha aşağı karbonlu inkişaf strategiyamızı seçməliyik.

Biz artıq həyata keçırilən tədbirlər nəticəsində öz tullantilarımızı kifayət qədər azaltmışıq və bu proses davam etdirilir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər