18 İyun 2014 11:51
3 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun anım gündür. O, öz şücaəti və qəhrəmanlığı ilə 2010-cu ilin 18 iyununda Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazdı.

Şəhidliklə bağlı Qurani-Kərimdə Allah Təala buyurur ki, "Allah yolunda öldürülənlərə ölülər deməyin, onlar ölü deyil, diridirlər, lakin siz (o yüksək həyatın) fərqində deyilsiniz" (Bəqərə, 154). Bu mənada M.İbrahimov öz xalqı, Vətəni uğrunda canından keçərək, şəhidlik zirvəsinə qovuşdu. Məhəmməd Peyğəmbər (s.ə.s.) də hədisi şəriflərində buyurur ki, heç kim Cənnətə girdikdən sonra bütün dünyaya sahib olsa belə, təkrar dünyaya qayıtmaq istəməz, tək şəhidlər özlərinə verilən nemətlər səbəbi ilə dünyaya dönüb on dəfə şəhid olmağı arzu edərlər. M.İbrahimovun Əhli-beytdən olduğunu nəzərə alsaq, o Vətən, Azərbaycan uğrunda dönə-dönə şəhid olmağa hazır olmasına heç kim şübhə etməz.

Milli Qəhrəman M.İbrahimov 1988- ci il fevralın 7- də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. Şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib və çavuş rütbəsi alıb. 2007-ci ildə xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb, 2008- ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də, valideynlərinin razılığı olmayıb. Lakin yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salaraq, hərbi xidmətə yollanıb. Bu dəfə artıq gizir kimi çalışmağa başlayan M.İbrahimov bir neçə ay düşmənlə sərhəd olan rayonlarda kənarda xidmət edir və nəhayət 2010- cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsinə göndərilir. M.İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30-da təkbaşına erməni tərəfinə hücuma keçir. 1 km-lik neytral məsafəni (minalanmış sahəni) keçirək düşmənin xeyli sayda əsgər və zabitini məhv edir. 5 saat təkbaşına ermənilərlə döyüşdükdən sonra özü qəhrəmancasına həlak olur.

İlkin olaraq erməni tərəfi M.İbrahimovun nəşini Azərbaycan tərəfinə verməkdən imtina edir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin gərgin səyi nəticəsində aparılan danışıqların nəticəsi olaraq, həm Mübariz İbrahimovun, həm də Fərid Əhmədovun nəşi 2010-cu ilin 6 noyabrında Azərbaycana gətirilir. Həmin ilin noyabrında Milli Qəhrəmanın son mənzilə yola salınmasında iştirak edən dövlət başçısı İlham Əliyev çıxışı zamanı M.İbrahimov haqqında bunları qeyd edib: "Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir".

M.İbrahimov şəhid olmazdan əvvəl valideynlərinə məktub yazaraq şəhidlik zirrvəsinə yüksəlməyin şərəfli olduğunu yazırdı: "Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik, mənim üçün bol-bol dua edin. Vətənin dar günümdə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm ən azından ürəyim sərinlik tapar. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin, coxlu sədəqə verin. Seyid nəvəsi olaraq, bunu eləməliyəm. Allah böyükdü, Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin!"

BƏXTİYAR


Müəllif: