BAMF və “Əl-Cəzirə” Media Şəbəkəsi arasında birgə əməkdaşlıq haqqında razılıq əldə olunub
Beynəlxalq Avrasiya Mətbuat Fondu beynəlxalq media sahəsində əməkdaşlığını daha da genişləndirəcək. Bununla bağlı növbəti addım “Əl-Cəzirə” Media Şəbəkəsi ilə əlaqədar olacaq.
Teleqraf.com xəbər verir ki, Bakıda səfərdə olan “Əl-Cəzirə” Media Şəbəkəsinin İnsan hüquqları və Vətəndaş Azadlığı mərkəzinin direktoru Sami Əlhac Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevlə görüşündə bildirib ki, onun təmsil etdiyi qurum Azərbaycanla bağlı proqramların hazırlanaraq dünyaya yayımlanmasında, Azərbaycanın zəngin tarixi-mədəni irsinin tanıdılmasında, Qarabağ münaqişəsinin işılandırılmasında maraqlıdır. “Əl-Cəzirə” Media Şəbəkəsi bu istiqamətdə məhz beynəlxalq sahədə böyük təcrübəsi olan BAMF-la birgə əməkdaşlıq etmək haqqında qərar verib.
Dohada keçirilən görüşləri xatırladan “Əl Cəzirə” Media Şəbəkəsinin rəsmi nümayəndəsi bəyan edib ki, “Əl-Cəzirə” Media Şəbəkəsinin icraçı direktoru Mustafa Souj da bu əlaqələrin yaranmasında maraqlıdır və onun bu məsələləri müzakirə etmək üçün tezliklə Azərbaycana səfər etməsi planlaşdırılıb.
“Əl-Cəzirə”nin Azərbaycandan xüsusi reportajlar yayımlamasının perspektivləri, Azərbaycan həqiqətlərinin daha doğru və etibarlı mənbələrdən alınmış obyektiv informasiya əsasında işıqlandırılması, Qarabağ münaqişəsinə dair faktların şəffaf araşdırılması BAMF üçün də prioritet məsələdir”.
Bunu isə xarici qonaqla görüşdə fondun sədri Umud Mirzəyev bildirib.
Onun sözlərinə görə, BAMF 2012-ci ildən, “Əl-Cəzirə” Media Şəbəkəsinin tədbirləri, konfransları və qlobal təşəbbüslərində iştirak etmək çərçivəsində əməkdaşlıq edir. Münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin müdafiəsinə töhfə verməklə, söz və ifadə azadlığı, obyektiv informasiyanın yayılması istiqamətində BAMF, “Əl-Cəzirə” Media Şəbəkəsinin fəaliyyətini və onun missiyasını, eləcə də Beynəlxalq Mətbuat İnstitutunda təmsilçilik fəaliyyətini dəstəkləyir və bu gün müsəlman dünyasında bu media şəbəkəsinin peşəkar fəaliyyətinə, azad sözün qorunmasında doğru güclü təsirə malik olmasına inanır.
Görüşün sonunda “Əl-Cəzirə” Media Şəbəkəsinin rəhbərliyi adından “Əl-Cəzirə” kanalının xrustal simvolu BAMF sədri Umud Mirzəyevə təqdim olunub. Bununla yanaşı BAMF sədrinə “Əl-Cəzirə” Media Şəbəkəsinin tarixini və fəaliyyətini özündə əks etdirən nəfis tərtibatlı kitab hədiyyə olunub.
Səxavət