18 İyun 2014 12:35
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana xaricdən kondisionerli tabutlar idxal edilir. Bir Türkiyə şirkətinin 10 xarici ölkəyə 400 min dollar dəyərində kondisionerli tabutlar ixrac etdiyi bildirilir.

“Qorxmaz İnox” adlı şirkətin rəhbəri tabutlarda ventilyasiya sistemini 1995-ci ildən tətbiq etdiklərini söyləyib:

“Hazırda istehsal etdiyimiz kondisionerli tabutları İngiltərə, Azərbaycan, Fransa, Livan, Küveyt, Banqladeş, Şri-lanka kimi ölkələrə ixrac edirik. Kondisionerli tabutlarımız ilə Türkiyəni dünyaya tanıtmaq istəyirik. Tabutlarımızı göndərdiyimiz ölkələr bizə təşəkkür etdilər”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Teleqraf.com-a açıqlamasında kondisionerli tabutların ölkəyə gətirilməsi ilə QMİ-nin məşğul olmadığını deyib:

“Bu, kommersiya işidir. Biz idarə olaraq o cür tabutların gətirilməsini təşkil etməmişik”.

Rəhimə Dadaşova bildirib ki, ölünün dəfni ilə bağlı QMİ-nin kompleks xidmətində olan meyitin çürüməsinə qarşı xüsusi soyuducu kameralardan istifadə edilir: “Ölü sahibi istəsə bu xidmətdən istifadə edir. Yaxud uzaq yerdən gətirmək üçün tabutun ətrafına buz-filan qoyulması, xüsusi vasitələrdən istifadə olunması ənənəsi var.

Texnika inkişaf etdikcə, onun nailiyyətlərindən əlverişli şəkildə istifadə olunması yaxşı haldır. Amma bu məqsədlə xüsusi kondisionerli tabutun yaradılmasına nə qədər ehtiyac var, bunu bilmirəm. Şəri baxımdan əgər problem törətmirsə, niyə də istifadə olunmasın?”

Şərqşünas Seyid Camal Əzimbəyli şəriət baxımından bu cür vasitələrdən istifadəni məqbul hesab etmir: “Dinin istismarında elə bir hal qalmadı ki, onu yaşamamış olaq. Bilmirəm biznes maraqları ilə o tabutu gətirənlər kimlərdir, amma İslam qaydalarına görə, israf haramdır:

“Quranda buyurulur ki, Allah həddi aşanları sevməz. İslamın prinsipləri, dinimizin gətirdiyi qaydalarla heç bir halda uzlaşmır. Çünki Yaradanın bizə vermiş olduğu canın sahibi uca Allahdır. Vəfat etmiş şəxsin torpağa tapşırılması uca Allahın hökmüdür. Çox təəssüf ki, burda da insanların şəxsi maraqları, nəfsi-istəkləri ortaya çıxır”.

Seyid Camal hesab edir ki, Azərbaycanda islam dininin maarifləndirilməsi yetərincə olmadığından, nadanlıq, cəhalət kifayət qədərdir: “Bunun nəticəsidir ki, din adı altında biznesmenlər ortaya çıxıb. Nə qədər Azərbaycanın dini mühitinə gerçək mənəviyyat adamları gəlməyəcək “dindar”lar öz bizneslərində məharətlərini göstərməkdə davam edəcəklər. Allah-taala buyurur ki, torpaqdan yaranmısınız, torpağa qovuşacaqsınız. Azərbaycanın dini mühitində baş verən proseslərə nəzər saldıqda mən bəzən utanıram. İnsanlar dini alətə çeviriblər, gerçək İslamın gətirdiyi qaydaları öz nəfislərinin girovluğunda istismara uğradıblar”.

SEVİL


Müəllif: