4 May 2016 11:34
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq şairi, nasir, publisist Söhrab Tahir dünyasını dəyişib.

Teleqraf.com əslən cənubdan olan şairin tərcümeyi-halını və iki şeirini təqdim edir.

Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. 9-cu sinfədək təhsil alsa da ailə vəziyyətinin ağırlığı üzündən atası ilə İran-İngilis neft şirkətində işləməyə məcbur olub.

Sovet ordusu İrana daxil olandan sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib.

1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Daha sonra Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub.

"Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor vəzifələrində çalışıb.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub.

İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif edilib. 1998-ci ildə xalq şairi fəxri adına, 2006-cı ildə "Şöhrət" ordeninə layiq görülüb.

Bir neçə kitab müəllifidir.

Xalq şairi uzun illər şəkər xəstəliindən ziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənən sənətkarın hər iki ayağı amputasiya edilmişdi.

Qoşa gedək

Kəmərinin gümüşünü
Ver çaylara, kəhrizlərə.
Ağ əlinin işığını
Əmdir mavi dənizlərə.

Xislətinin ipəyini
Sər dağların ətəyinə.
Öpüşünün ətrini bük
Qonçaların ləçəyinə.
Gülüşünü gül–gül çilə
Dərələrin ürəyinə.

Pıçıltını qoy bulağın dodağına.
Saçlarının dalğasını
Tök dənizin qucağına.

Hər baxışda göz qırpmağı
Öyrət uzaq ulduzlara.
Nəfəsinin ətrini çək
Həsrət çəkən yarpızlara.

Səp səsinin şüşəsini
Çiliklənən şəlaləyə.
Qoşa gedək gileylərin
Sinəsində cığır salaq.
cığır kimi qoşalaşıb
Dağ döşündə qoşa qalaq.

Öləndə...

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın,
Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə,
Xalq birləşəndə,
Mən də öz qəbrimdən boylanacağam.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər